Müxalif YouTube-kanalın jurnalisti Əvəz Hafizli Bakıda restoranların birinin həyətində peşə vəzifəsini yerinə yetirərkən mühafizəçilər tərəfindən döyülüb. Həkimlər jurnalistin qolunun sındığını təsbit ediblər.
Sentyabrın 28-də axşam Azərbaycanın müxalif “Kanal 13” YouTube-kanalının jurnalisti Əvəz Hafizli Bakının Binəqədi rayonunda yerləşən restorana yollanıb. Turan-ın məlumatına əsasən, bu iaşə müəssisəsində təntənəli açılış mərasimi keçirilirmiş və açılışda yüksək vəzifəli məmurlar iştirak edirmiş.
Orada video-çəkiliş aparan Hafizlinin sözlərinə görə, restoranın qapıları qapalı olub və yalnız mühafizə xidmətinə zəng etdikdən sonra açılırmış.
Tədbirin keçirildiyi “Dəyirman” restoranı Bakının Yasamal rayon icra hakimiyyətinin başçısı Eldar Həsənova məxsus olduğu iddia edilir. Jurnalist bu haqda məkanın mühafizəçisinə sual verib və sadə ziyarətçilərin niyə içəri buraxılmadığı ilə maraqlanıb.
Sosial şəbəkədə yayılan videodan məlum olur ki, qısa söhbətdən sonra mühafizəçi jurnalistə zor tətbiq edir və çəkiliş kəsilir.
Hafizli qeyd edib ki, ona qarşı fiziki zorakılıq restorandan gələn göstərişdən sonra tətbiq edilib. “Mühafizəçilər jurnalisti restoran kazinosunun yanına, hasarlanmış həyətin içinə apardılar. Bir telefonunu aldılar, ikincini jurnalist əvvəlcədən gizlətmişdi. Xəbərdarlıq etdilər ki, onu qaytarmayacaqlar, əvəzində bahalı “ayfon” hədiyyə edə bilərlər. Bundan sonra Hafizliyə rüşvət təklif olunub, o, sövdələşməyə razı olmayıb və telefonunu qaytararaq buraxılmasını tələb edib. Bu zaman dilə tutma butulka və müvafiq çevrələrdə zorakılıq aləti kimi istifadə olunan digər şeylər tətbiq etmək təhdidi ilə əvəz olunub”.
Jurnalist polisə zəng vurub. Hadisə yerinə gələn polislər Hafizlini və restoran əməkdaşlarından birini polis şöbəsinə aparıblar. Orada hər iki tərəf yazılı ifadə verib.
Bu gün səhər Travmatologiya İnstitutunda Hafizliyə qol sümüyünün sınığı diaqnozu qoyulub, həkimlər onun qoluna gips qoyublar.
Əvəz Hafizli həm də LGBTQI+ nümayəndələrinin hüquqlarının müdafiəçisi kimi tanınır. Bu yaxınlarda o, Azərbaycanın Baş Prokurorluğu qarşısında tək nəfərlik aksiya keçirmişdi. JAMnews-un süosial şəbəkədəki səhifəsi aksiyanı canlı yayımlayıb.