Bakıda küçə artistləri “qanuniləşəcək” – yalnız seçilmişlər
Küçə artistlərinə Bakınin mərkəzi küçələrində çıxış eləməyə icazə veriləcək, əgər dövlət qurumu onların yaradıcılığını bəyənərsə.
• Azərbaycanda andeqraund incəsənəti
• Müasir Azərbaycan ədəbiyyatı – bu nə deməkdir
Kastinqdən keçərək küçələrə
Dövlət Turizm Agentliyi küçə incəsənətinin inkişafı üzrə layihəni turistləri əyləndirmək üçün düşünüb.
Küçədə çıxış etmək istəyən musiqiçilər, aktyorlar, rəssamlar, rəqqaslar və digər artistlər xüsusi seçimdən keçməli olacaq.
Kastinqdən keçənlərə Bakı Turizm İnformasiya Mərkəzindən şəhərin mərkəzində çıxış etmək üçün rəsmi icazə veriləcək və onların işləməsi üçün bütün şərait yaradılacaq – Report yazır.
Seçimin hansı meyarlara əsasən aparılacağı və küçə artistlərinə hansı şəraitin yaradılacağı hələlik məlum deyil.
Polis qovur, yoldan ötənlər pul verir
İndi Bakı küçələrində artistlərin sayı azdır. Süleyman Kərimov musiqiçi dostları ilə birlikdə bir neçə dəfə Bakı küçələrində çıxış etməyə cəhd göstərib, amma deyir ki, hər dəfə maksimum yarım saatdan sonra onları polis qovub.
“Əvəzində insanlar çox yaxşı münasibət göstərir, səxavətlə pul verirdilər”, – o əlavə edir.
Süleyman hesab edir ki, küçə artistlərini əslində “süzgəcdən keçirmək” həqiqətən də lazımdır. Amma o, Azərbaycanda bu cür kastinqin sadəcə senzura ilə nəticələnəcəyindən və “milli mentalitetə uyğun olmayan” hər şeyin qadağan olunacağından ehtiyatlanır.
Sosial şəbəkələrdə reaksiya
Sosial şəbəkə istifadəçiləri bu təşəbbüsü tənqid ediblər:
“Nə seçim? Bu harada görülüb? Küçə artistlərini yoldan ötənlər “seçməli” və dəyərləndirməlidir, daha məmurlar yox”.
“İndi şəhərin mərkəzində ümumiyyətlə gəzmək mümkün olmayacaq!”
“Bir dəfə polisin sadəcə küçədə mahnı oxuyan, hətta pul da yığmayan iki oğlanı sürüdüyünü gördüm”.
“Vəssalam, hər tində türk mahnılarını ulayan gitaralılar olacaq”.