Bakıda İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Paylaşmaq
Paylaşmaq
Millətçi Gənclər Təşkilatı İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları İranda etnik azərbaycanlıların hüquqları uğrunda mübarizə aparanlara qarşı repressiyalara son qoyulmasını tələb ediblər.
Azərbaycanlı etnosunun əsas hissəsi İranda yaşayır – 15 milyon nəfərdən çox (Azərbaycan Respublikasının əhalisi 10 milyon nəfərdir). Azərbaycanlılar İranın ən çoxsaylı milli azlığıdır – əhalinin 16 faizinə qədərini təşkil edirlər.
19-cu əsrin birinci yarısında Rusiya imperiyası və İran aralarındakı müharibəni bitirəndən sonra Azərbaycan türklərinin yaşadığı əraziləri öz aralarında bölüşdürüblər. O zamandan bəri iki tayda qalmış azərbaycanlılar zaman-zaman birləşmə və bütöv Azərbaycan haqda danışırlar.
Aksiyanın təfərrüatları
Etiraz aksiyasının iştirakçılarının səsləndirdiyi qətnamədə deyilir ki, son zamanlar İran hökuməti etnik azərbaycanlıların milli-mədəni hüquqları uğrunda mübarizə aparanlara qarşı təzyiqi artırıb. Söhbət bu istiqamətdə fəaliyyətlərinə görə müxtəlif müddətə azadlıqdan məhrum edilən Abbas Lisani, Kazım Səfabaxşe və digər fəallardan gedir.
Aksiya insidentsiz ötüşüb. Hadisə yerində polis olsa da, etirazçılar dağıdılmayıb, bu da Azərbaycan üçün qeyri-adi haldır.
Səfirlik nümayəndələri aksiyaya heç cür reaksiya verməyib.
Bu, Millətçi Gənclər Təşkilatının ilk aksiyası deyil. Sonuncu dəfə onlar İran səfirliyi qarşısında 2019-cu ilin martında toplaşıblar.
Həmvətənlərinin hüquqlarına etinasız münasibətə etiraz etməkdən başqa millətçi gənclər İranı Ermənistanla əməkdaşlıq etdiyi üçün qınayıb. Çünki Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında həll olunmamış münaqişə var.
Rəsmi Azərbaycan-İran münasibətləri
Azərbaycan və İran rəsmən aradakı münasibəti dostluq adlandırır.
Amma Azərbaycanın İranla iqtisadi əlaqələri, məsələn, Türkiyə ilə müqayisədə o qədər də güclü deyil.
Bundan başqa, bir neçə vacib məsələ ətrafında İran və Azərbaycan hakimiyyətlərinin siyasəti kəskin fərqlənir – məsələn, İranın Ermənistanla, Azərbaycanın isə İranla gərgin münasibətdə olan İsraillə sıx əməkdaşlığı və möhkəm əlaqələri. Üstəlik Azərbaycan radikal islamın ən kiçik işartılarının belə hakimiyyət tərəfindən sərt boğulduğu dünyəvi dövlətdir, İran isə din və dövlətin vəhdətdə olduğu islam respublikasıdır.