Bakıda inşaat materialları bazarında yanğın – üç nəfər xəstəxanalıq olub
Güclü yanğın Bakı kənarında yerləşən ən böyük inşaat materialları bazarlarından biri olan “EuroHome”un demək olar ki, yarısını məhv edib. Üç nəfər xəstəxanalıq olub: onlardan ikisi tüstüdən zəhərlənib, üçüncüsü isə başından xəsarət alıb. Fürsətdən istifadə edib soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.
• Azərbaycanda iyul blekautu – bu, necə baş verib və günah kimdə olub?
• Ermənistanda baş verən qorxunc zəlzələnin 31-ci ildönümü
İlkin versiyaya görə, yanğın kafel satılan mağazada elektrik kabelinin alışması nəticəsində baş verib.
Yanğının söndürülməsinə bir neçə yanğınsöndürmə briqadası, vertolyot, hətta amfibiya təyyarə cəlb edilib, amma uzun müddət alovu ram etmək mümkün olmayıb. Nəticədə bazarın beş hektarlıq ərazisinin iki hektarı yanıb.
Dəymiş ziyanın həcmi məlum deyil, sığorta yoxdur
Hələlik məlum deyil ki, yanğın ticarətçilərə nə qədər ziyan vurub.
Mağazalardan birinin sahibəsi Yeganə Cabbarova BBC-ə bildirib ki, “bazarın yeni rəhbərliyi bazarda sığorta işini təşkil etməyib”. Yəni məhv olmuş və ziyan görmüş mallar sığortalanmayıbmış.
Bakıda 2019-cu ilin martında da oxşar hadisə baş vermişdi – “Diqlas” ticarət mərkəzi yanmışdı. O zaman ümumi ziyan 117 milyon dollara yaxın təşkil etmişdi. Həmin hadisədə də mağazaların sığortası yox idi, sahibkarlar bir neçə etiraz aksiyası keçirəndən sonra prezident onlara dövlət hesabına kompensasiya verilməsi haqda sərəncam verdi.
Bağlı yol
“EuroHome”da baş verən yanğın üzündən Bakı-Sumqayıt yolu bağlanıb.
Yaranmış tıxacda qalanlardan biri də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp olub. “Sumqayıta yoldayıq. Qorxuludur!” – o, Twitter hesabında yazıb.
Sumqayıta yoldayıq. Qorxuludur! pic.twitter.com/kpilx4VP2O
— James Sharp (@JamesSharpFCO) December 10, 2019