Ermənistanda 25 min nəfərin həyatına son qoyan qorxunc zəlzələdən 33 il ötür
7 dekabr 1988-ci il, 11.41-də Ermənistanda Rixter şkalası ilə 9 bal gücündə zəlzələ qeydə alınıb. 11 şəhər, 342 kənd ziyan görüb. Qurbanların ümumi sayı 25 min nəfərdir, onlardan 15-17 mini Gümri şəhərində, 4 mini isə Spitakda dağıntılar altında qalıb. 514 min nəfər ev-eşiyini itirib.
1988-ci ildə bu fəlakətdən sağ çıxan və ayaqda qalmağı bacaran üç nəfərin hekayəsi.
Rejissor
30 il sonra Arusyak Simonyan öz məqsədinə nail olub: Ermənistanda baş verən dağıdıcı zəlzələ haqda film çəkib. “Mənim yeni ilim” filmi Spitakda – 1988-ci il 7 dekabr zəlzələsinin episentrində yaşayan ailənin hekayəsindən bəhs edir.
Rejissor və ssenari müəllifi Arusyak Simonyan özünün və doğmalarının yaşantılarını 27 dəqiqəlik filmdə cəmləyib. Hər il Torontoda keçirilən “Pomegrante” beynəlxalq kinofestivalda bu film ən laxşı qısametrajlı film elan edilib.
“Mən teatr institutuna yenicə qəbul olanda, dostlarım artıq bilirdilər ki, mən zəlzələ haqda film çəkəcəm. Bəlkə də bu, öz peşəm vasitəsilə, incəsənətin köməyilə ruhumu xilas etmək cəhdi idi. Bu filmi mən o xaosu yaşayan və nə cürsə həyatlarını davam edə bilən bütün sağ qalan insanlara həsr etdim”, – Arusyak deyir.
Dağıntılar arasında yaşadığı hər bir uşaqlıq epizodu Arusyakın yaddaşına həkk olub. Amma zəlzələ günü baş verənləri tam dərk etməsi çox zaman alıb. Deyir ki, qardaşı da, o da bağçadan çıxarılıb onların yanında yerə uzadılan uşaqların yatmadığını illər keçəndən sonra anlayıblar. Onların uşaqlıq dostlarından yalnız yeddisi sağ qalmışdı.
“Anam zəlzələ vaxtı həlak oldu. Onu tapa bilmədilər. Atam 300 qardaşlıq məzarını qazdırdı. Ancaq dörd aydan sonra anamı tapa bildi. O, mənim üçün ən vacib olanı elədi – mən indi anamın harada dəfn olunduğunu bilirəm. Ona hədsiz minnətdaram. Dörd ay meyitlərin arasında, necə iradəyə malik olmaq lazım idi ki, buna gedəsən”, – Arusyak deyir.
Filmdə o, insanların öz ağrılarını necə basdırdıqları, atasını bu ağrının öhdəsindən gəlməyə vadar edən səbəblər haqda danışır. Bir dəfə o, evə qayıdıb, 6 yaşlı qızını və 4 yaşlı oğlunu “zəlzələ” oyunu oynarkən görmüşdü:
“Biz onda müvəqqəti vaqonda yaşayırdıq, kuklalarımızı düzür, sonra onları nə iləsə vururduq, onlar ora-bura aşır, biz isə kuklaları xilas edirdik, basdırırdıq. Məhz bu onu özünə gətirdi. O istəmirdi ki, biz uşaqlığımızı tamamən itirək. Atam harasa getdi və yekə yolka ilə qayıtdı, hətta vaqondakı bəzi şeyləri də yığışdırdı ki, yolka yerləşsin. Ən şən Yeni İli qeyd etdik.
Filmdə bu epizod var – insanın özünü, ruhunu sağaltdığı və uşaqları üçün yenidən yaşamağa başladığı haqda. Xalqımızın gücü bundadır, bunun sayəsində biz mövcuduq. Bir maraqlı məqam da var: çəkilişlər zamanı mən üçüncü uşağıma hamilə idim. Öz uşaqlarımı çəkməyi planlaşdırmamışdım, amma sonra belə qərara gəldim ki, qızın rolunu böyük qızım oynayacaq. Ona anamın adını qoymyşam”.
Həkim
“Mən yalnız zəlzələyə qədər yaşamışam. Sonra evləndim, həyat yoldaşımla uşaqlarımız oldu. Amma mən ancaq zəlzələyə qədər yaşadım, daha sonra isə biz ayaqda qalmağa, normal insan olmağa və şəhərimizə nə ilə isə kömək etməyə çalışırdıq”, – “Gümri” tibb mərkəzinin həkimi Vardan Sukiasyan deyir.
O dəqiq xatırlayır: 7 dekabr 1988-ci il zəlzələ anında məktəbdə, riyaziyyat dərsində olub.
“Məktəb binası qismən dağıldı. Digər şagirdlər kimi mən də ikinci mərtəbənin pəncərəsindən tullandım. Sınıqlarım vardı, amma şok vəziyyətində doğmalarımı axtarmağa qaçdım”, – Vardan danışır.
Anasını və bacısını tapandan sonra 16 yaşlı Vardan yenə də qaçıb – şəhərin məşhur cərrahı olan atasını axtarmağa. Xəstəxanaya gedən yolda görüb ki, bütün şəhər dağıntılar içindədir, insanlar təşviş içində ora-bura qaçır, çoxlu öllənlər var.
“Zəlzələ vaxtı atam əməliyyatda olub. Xəstəni qucağında xəstəxanadan çıxarmaq istəyib. Binanın pilləkəni tamam dağılıb. Onu elə orada tapdıq”, – Vardan gözlərini qaçıraraq danışır.
Deyir ki, elə həmin an atasının işini davam edəcəyinə and içib:
“Atamı dağıntılar arasından çıxaranda qərar qəbul elədim. And içdim ki, mütləq həkim olacam. O zaman əlilliyi olan insanlara Yerevan Tibb Universitetində əlavə yerlər ayrılırdı ki, müsahibə yolu ilə ali məktəbə qəbul olunsunlar, bitirəndən sonra öz regionuna qayıdıb, fəlakət zonasında işləsinlər. Zəlzələ zamanı aldığım zədədən ikinci dərəcəli əlillik qazanmışdım.
İndi atamın adını layiqincə yaşatmaq prinsipi ilə yaşayıram. Atam üçün eləyə bilmədiklərimi xəstələrim üçün eləyirəm. Həyatım boyunca psixoloqum anam oldu. O, həmişə deyirdi: oğlum, siz yaşamalısız və sizin sayənizdə Gümri yaşayacaq, yaxşı mütəxəssis olun və şəhərin ayağa qalxmasına kömək edin. 30 il keçib, amma hələ də o qədər yara, o qədər problem qalıb ki. Əsas odur ki, indi şəhərdə daha çox təbəssüm var”.
Xilasedici
Gümridə məşhur olan xilasedici Levon Bozoyanın 1988-ci ildə 16 yaşı olub. Onun üçün zəlzələ gününü xatırlamaq hələ də ağırdır. O və sinif yoldaşları məktəbdən çıxmağa macal tapmamışdı. Bina bir saniyənin içində dağılmışdı. Dağıntılar arasından Levonu və dostlarını şagirdlərin valideynləri çıxarıb, əllərinə keçən alətlərdən – mişardan, çəkicdən… istifadə edərək.
“Ayaqların mühəccərin arasına ilişmişdi, sağ tərəfdən sifətimə isə armatur batmışdı. Xatırlamaq istəmirəm. Sinfimizdə 24 uşaq vardı, 12-si həlak oldu. Hamımız bir yerdə idik, bir-birimizin üstünə qalaqlanmışdıq.
Bu təbii fəlakət idi, biz heç nə edə bilməzdik. Amma hələ də sinif uşaqları ilə toplaşanda həmin günü xatırlayırıq. Günah hiss yaranır, biz varıq, onlar isə yoxdur. Yəqin elə bu günah hissi bizi çətin məqamlarda insanlara kömək etmək üçün dəstə yaratmağa vadar etdi.
Əgər o zaman bizim indi olduğu kimi peşəkar xilasedici xidmətimiz olsaydı, həyatda qalanların sayı çox olardı. Fəlakət zonasına yardıma hərbçilər, mülki müdafiə dəstələrinin əməkdaşları gəldi, xilasedicilər yox. Ermənistanda ilk xilasedici dəstəni almanlar Spitakda yaratdı. Biz dostlarla toplaşıb Gümridə ictimai əsaslarla öz dəstəmizi yaratdıq. Sıralarımızda alpenistlər, yerli aeroportda çalışan uşaqlar vardı.
İnsanı xilas etdiyin zaman bu nəsə xüsusi bir hissdir, kömək edə biləndə adamın ruhu yüngülləşir. Biz doğma Gümridə qaldıq ki, yaşayaq və hər şeyin öhdəsindən gələk, özümüzü xilas edək və şəhərimizi yaşadaq”, – Levon deyir.