Bakıda etiraz aksiyası haqda zarafatyana videonun müəllifi polislər tərəfindən təhdid edildiyini bildirib - Video
21.40
Etiraz aksiyasından zarafatyana video hazırlayan qrafik dizayner Rəsul Həsən fevralın 18-də səhər saatlarından yoxa çıxıb, həmin gün axşan isə saxlanıldığı polis şöbəsindən buraxılıb. Bu haqda mediaya onun atası Elşən Həsənov məlumat verib. Onun sözlərinə görə, polislər Rəsulu fevralın 18-də səhər saxlayıblar və polis şöbəsinə aparıblar. Orada ona müxalif mövqeyilə bağlı suallar veriblər, ailə tərkibi ilə maraqlanıblar, məlum videonu silməyə məcbur edib və bütün bunları ictimailəşdirərsə, ona qarşı “daha ciddi tədbirlərin” görüləcəyi ilə təhdid ediblər.
Elşən Həsənov onu da deyib ki, bu artıq onun ailəsinə qarşı hakimiyyət tərəfindən göstərilən ilk təzyiq deyil və onlar bütün baş verənlərlə bağlı Qərb ölkələrinin Azərbaycanda olan səfirliklərinə məlumat vermək niyyətindədirlər.
17.00
Qrafik dizayner Rəsul Həsən fevralın 18-də səhər saatlarında polis tərəfindən oğurlanıb və indiyə qədər onun haqqında heç nə məlum deyil. Bu haqda Rəsulun dostları sosial şəbəkələrdə yazıblar. Hadisə ilə bağlı rəsmilərin hələ heç bir şərhi yoxdur.
Pəsulun fevralın 16-da baş tutan etiraz aksiyasından hazırladığı zarafatyana videonun onun oğurlanmasına səbəb olduğu ehtimal edilir. Bu videoda Azərbaycanın Mərkəzi Seçki Komissiyasının binasını mühasirəyə alan xüsusi təyinatlılar yallı oynayır.
Parlament seçkilərində saxtakarlığa qarşı etiraz aksiyası müxalif Respublikaçı Alternativ və Müsavat partiyaları tərəfindən təşkil olunub. Amma aksiyanın sonuna qədər əksər iştirakçılar polis tərəfindən saxlanılıb, şəhərdən kənara aparılaraq orada sərbəst buraxılıblar. Mərkəzi Seçki Komissiyasının binası qarşısındakı bütün ərazi polis və xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
• 16 fevral etiraz aksiyasından video
• Azərbaycanda parlament seçkiləri haqda hər şey bir dəqiqəlik videoda