Bakı məhkəməsi bloger Lapşini üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edib
Bloger Aleksandr Lapşini Azərbaycanda ümumi rejimli cəza müəssisəsində saxlanmaqla üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Rusiya və İsrail vətəndaşı olan Aleksandr Lapşin dövlət sərhədlərini pozduğu üçün Azərbaycan hökuməti tərəfindən axtarışa verilmişdi. 2016-cı ilin dekabrında o, Minskdə Belarus hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılmış, 2017-ci il fevralın 7-də isə Azərbaycana ekstradisiya edilmişdi.
Bir neçə ay sürən istintaqdan sonra Lapşin 318.2-ci maddə ilə Azərbaycan sərhədini qanunsuz keçməkdə ittiham olunub. İlkin olaraq onu 281.2-ci maddə üzrə dövlətə qarşı çağırışlarda da ittiham olunurdu və əgər bu ittiham blogerə tətbiq edilsəydi, o, 6.5 il azadlıqdan məhrumetmə cəzası ala bilərdi. Amma hakim bu ittihamı sübuta yetirilməmiş hesab edib.
Lapşinin son söz çıxışında Azərbaycan xalqına mənəvi ziyan vurduğu üçün məyus olduğunu bildirib və vurğulayıb ki, onun “günahı yalnız mənəvidir, qətiyyən hüquqi müstəvidə deyil. “Qarabağın Azərbaycan üçün nə qədər vacib olduğunu bilirəm. Heç bir şəraitdə mən Ermənistan hakimiyyəti ilə cinayətkar əlaqəyə girməmişəm”, – Aleksandr Lapşin deyib.
O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümid etdiyini bildirib: “Mən əməlimə görə peşmanam, Qarabağa getməklə işğalın əziyyətlərini yaşamış sakinlərinə əzab verdiyim üçün üzgünəm. Burada olduğum müddətdə özümə qarşı yalnız yaxşı münasibət gördüş”, – “İnterfaks-Azərbaycan” agentliyinin məhkəmə zalında olan müxbiri məlumat verir.
Onun vəkili Eduard Çernin hökmdən əvvəlki müdafiə çıxışında blogerə tam bəraət verilməsini istəyib və müvəkkilinə qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu bildirib, “çünki Çünki Lapşin öz məqalələrində Azərbaycanın ərazi bütövlüyünün pozulmasına çağırış etməyib”.
Lapşinin müdafiəçiləri hələlik bundan sonra atacaqları addımlar haqda məlumat verməyiblər.