Bakı İcra Hakimiyyəti müxalif “Respublikaçı Alternativ” partiyasına qurultay keçirmək üçün məkan verməkdən imtina edib
Paylaşmaq
Paylaşmaq
Respublikaçı Alternativ (ReAl) partiyasının oktyabrın 29-a təyin olunmuş təsiis qurultayı daha sonraya təxirə salınıb. Bunun səbəbi Bakı Mədəniyyət və Turizm İdarəsinin və bir sıra özəl müəssisənin təşkilatçılara qurultay keçirmək üçün yer verməkdən imtina etmələri ilə bağlı olub.
Bakə şəhər İcra Hakimiyyəti ReAl-ın qurultay keçirmək üçün yer verilməsi ilə bağlı az əvvəl göndərdiyi məktuba rədd cavabı verib. Məktubda deyilir ki, təkif olunan bütün məkanlarda film nümayişi gedir.
Təsis Qurultayının keçirilməsi üzrə Təşəbbüs Qrupunun üzvləri qurultayın noyabrın 4, 5, 11, 12, 18, 19, 25, 26-ı tarixlərinin birində və ya dekabrın ilk həftəsinin sonunda keçirilməsi ilə bağlı yenidən şəhər icra hakimiyyətinə müraciət edəcək.
ReAl bu ilin sonuna qədər rəsmi strukturların qərarından asılı olmayaraq, qurultayı keçirməkdə qərarlıdır.
Bundan iki gün əvvəl Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovun işi üzrə qərarının icrasının təmin edilməsinin mütləqliyi ilə bağlı hüquqi tədbirlərə başlamaq niyyəti haqda Azərbaycan hakimiyyətinə rəsmi xəbərdarlıq edib.
“Bugünkü müvəqqəti qətnaməsində komitə Azərbaycana öz rəyini yazılı şəkildə bildirmək üçün noyabrın 29-a qədər vaxt verib. Bu zamana qədər AİHM-in qərarı icra olunmasa, Nazirlər Komitəsi dekabrın 5-də daha bir aralıq qətnamənin qəbulunu müzakirə edəcək, buna əsasən iş Avropa Məhkəməsinə qaytarılacaq”, – bəyanatda bildirilib.
“ReAl” 2009-cu ildə yaradılıb və eyni şəxsin iki müddətdən artıq prezident kürsüsündə qalmasının əleyhinə çıxış edir.
Hərəkatın lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı rayonunda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilmiş və 7 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Avropa İnsan Haqları Məhkəməsi onun həbsini qanunsuz və siyasi motivli hesab edib, dərhal azad edilməsi haqda qərar çıxarıb. Strasburq məhkəməsinin bu qərarı 2014-cü ilin mayında qəbuul olunub, amma bu günə qədər icra olunmayıb.