Azərbaycanda uşaqlar üçün yazılmış kitab qadağan olundu – Dövlət Komitəsi araşdırmalara başladı
Uşaq ədəbiyyatına uyğun olmayan şeirə görə sosial şəbəkələrdə müzakirələrə səbəb olan Aygün Balın yazdığı “Qaz ilə göyərçinin əhvalatı” kitabı qadağan edilib. Dövlət qurumları bununla bağlı araşdırmalara başlayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirilib ki, yazıçı kitabda uşaqların yaşlarını, həmçinin seçdiyi mövzunun tərbiyəvi əhəmiyyətini nəzərə almayıb:
“Adı çəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq, vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyi bildirilir. Belə ki, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib”.
Komitədən həm də bildirilib ki, kitab ekspert rəyi olmadan çap edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini bildirib”.
Sosial şəbəkələrdə məsələ ilə bağlı bəzi şərhləri diqqətinizə çatdırırıq:
“Özü də axırda yazır “Ümid edirəm, kitab uşaqların tərbiyəsində böyük rol oynayacaq”.
“Etiraz səsimizi xanıma çatdırmalıyıq. Yaza bilmir, yazmasın”.
“Hanı bizim dövrümüzün ,,Xoruz”, ,,Keçi”, ,,Uşaq və buz “, ,,Qədir məktəbə gedir” şeirləri? Asan, sadə dildə yazılırdı. Uşaq tez əzbərləyirdi. İndiki şeirləri, vallah, böyüklər də başa düşə bilmir. Çünki dərslikləri kim tərtib edir bilinmir, senzura yoxdur. Geydirmə ,,şairlər” dərsliklərə necə yol tapırlar? Təhsil şurasının müdiri hara baxır?”