Azərbaycanda sosial şəbəkələrdə koronavirus haqda status yazan insanları polisə çağırırlar
“Ziyanlı informasiyanın” yayılmasına ilk reaksiya bundan ibarətdir
Azərbaycanda bir neçə nəfər Facebook sosial şəbəkəsində koronavirus haqda status yazdığı üçün polisə çağırılıb. Polisə çağırılanların sözlərinə görə, polis şöbəsində onlar həmin statusları silməyə məcbur edilib və onlara xəbədarlıq olunub. Qanunvericiliyə “ziyanlı informasiyanın” yayılması ilə bağlı edilən dəyişiklik beləcə tətbiq olunmağa başlayıb.
Martın 25-ə olan rəsmi məlumata əsasən, Azərbaycanda 87 yoluxma halı qeydə alınıb. Yoluxanlardan biri ölüb, on nəfər sağalıb.
Polisə çağırılmaq üçün səbəb olan sitat və zarafat
Əminə Məmmədova korrupsiya və Bakıda koronavirusdan ölənlərin sayının süni şəkildə azaldıldığı haqda yazdığı statusa görə bilavasitə evindən polis şöbəsinə aparılıb.
“Bütün bunlar haqda mən başqalarına istinadən yazmışam və dırnaqda vermişəm ki, sitat olduğu anlaşılsın. Polisdə mənə yeni qanunu oxudular və dedilər ki, sadəcə xəbərdarlıqla kifayətlənirlər, çünki mən gəncəm, yaxın zamanda ailə quracam və valideynllərim yaxşı insanlardır”, – qız polisdə olanları bu cür təsvir edir və bildirir ki, onunla orda nəzakətli davranıblar.
Digər Facebook istifadəçisi Bəxtiyar Məmmədli Bakıya girişin qadağan edilməsi ilə bağlı yazdığı zarafata görə polisə çağırılıb.
“Polisdə mənin bioqrafiyamla maraqlandılar, həmin statusu pozmağa məcbur etdilər, sonra da buraxdılar. Mən dedim ki, bu zarafat idi, amma onlar xəbərdarlıq etdilər ki, mən bir də belə bir şey eləməyim, yoxsa pis olacaq”, – Bəxtiyar danışıb.
- Pandemiya fonunda repressiya: azərbaycanlı müxalifətçi “karantin qaydalarını pozduğu üçün” həbs edilib
- “Televizordan sonra əllərinizi yuyun” – ölməyə kömək edən feyklər
- Koronavirus haqda hər şey
“Ziyanlı informasiya” nə deməkdir və yalan informasiyadan nə ilə fərqlənir?
Martın 4-də Baş Prokurorluq koronavirus haqda rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatları yayan media və sosial şəbəkə istifadəçilərinə qarşı sərt tədbirlərin görüləcəyi haqda xəbərdarlıq etmişdi.
Martın 17-də Azərbaycan parlamenti “İnformasiya, məlumatlandırma və informasiyanın qorunması haqda” qanuna dəyişiklik etdi və internet-resurslara “əhalinin həyatına, sağlamlığına və əmlakına ziyan vurulması, ictimai təhlükəsizliyin, həyati əhəmiyyətli, maliyyə, nəqliyyat, kommunikasiya, sənaye, enerji və sosial infrastruktur obyektlərinin fəaliyyətinin kütləvi pozulması, həmçinin digər ictimai təhlükəli halların yaranması təhlükəsi yaradan yalan məlumatların dərc olunmasını” yasaqladı.
Azərbaycanda çoxları bunu söz azadlığının növbəti dəfə boğulması kimi qəbul edib və 2017-ci ildə qanunvericiliyə artıq oxşar dəyişikliklərin edildiyini xatırlayıblar.
“Normalda yalnız məhkəmə hansı informasiyanın yalan və ziyanlı olduğuna qərar verə bilər. Amma bu qanun məhkəməsiz belə bir qərarın qəbul edilməsinə və dərhal bloklanma, yaxud digər məsuliyyət növünü tərbiq eetməyə imkan verir. Bu cür hal əvvəl də olmuşdu. Cəmiyyətə güclü təsir göstərən yalan yox, həqiqi məlumat mənbələri bu qanunun tələblərinə zidd kimi qələmə verilirdi və bloklanırdı. Dəyişiklik yozmaq imkanını genişləndirmək üçündür. Gələcəkdə bu, məhkəmə nəzarətindən kənar bir çox sui-istifadələrə gətirib çıxaracaq”, – media hüququ sahəsində ekspert Ələsgər Məmmədli “Turan” agentliyinə bildirib.
Ekspert kimi bəzi sosial şəbəkə istifadəçiləri də rəsmi mənbələr tərəfindən təsdiqlənməyən informasiyanın heç də həmişə yalan olmadığına diqqət çəkirlər.