Azərbaycan Dağıstan sərhədində ilişib qalan vətəndaşlarının qayıdışını sürətləndirib
Rusiya-Azərbaycan sərhədində ilişib qalan daha 225 nəfər Azərbaycan vətəndaşı bu gün vətənə qayıdacaq – “Report” xəbər verib. Əvvəl iyunun 23-də və 16-da Dağıstandan 155 və 252 nəfər gətirilib. Bu rəqəmlərdən və aradakı fasilələrdən belə nəticə çıxarmaq olar ki, Azərbaycan nəhayət, vətəndaşlarının evakuasiyasını sürətləndirib. Bundan əvvəl çoxsaylı tələblər, aclıq, etiraz aksiyası və Rusiya güc strukturları əməkdaşları ilə toqquşma yaşanıb.
Bundan başqa, iyunun 24-də sərhəddə qurulan çadır şəhərciyində əlavə yerlər, yeməkxana, tibb məntəqəsi və Azərbaycanın daimi nümayəndəsinin ofisi yaradılıb, psixoloqlar və həkimlər insanlarla işləməyə başlayıblar – “Kavkazskiy uzel” məlumat verib.
- Koronavirusu gizlətmək, yoxsa iqnor etmək? Hər ikisi! Bakıdan hekayə
- Tanınmış azərbaycanlı jurnalist həkimləri atasının ölümündə günahlandırıb
Yüzlərlə insan martın sonundan Dağıstanın Qullar kəndində, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında gözləyir və vətənə qayıda bilmirlər. Koronavirus pandemiyası başlayan zaman onlar Rusiyanın müxtəlif yerlərindən bura axışıblar, amma karantinə görə sərhədlər bağlanıb və onlar burada qalıblar.
O zamandan bəri Azərbaycan vaxtaşırı 100-200 nəfəri evakuasiya edib, amma onların əvəzinə yeniləri gəlib. Çadırlarda hamıya yer çatmır, insanlar istidən, antisanitariyadan və digər problemlərdən şikayətlənirlər. Dağıstan hakimiyyəti gücü çatdığı qədər onların qayğısına qalıb, amma getdikcə daha israrla Azərbaycan hakimiyyətindən öz vətəndaşlarını aparmağı xahiş edir.
İyunun 15-də gərginlik pik həddinə çatıb. Yenə də evakuasiya ediləcək insanların siyahısına düşə bilməyən qəzəbli insanlar etiraz aksiyası keçiriblər. Aksiya Rusiya silahlı qüvvələri tərəfindən amansızlıqla yatırılıb, nəticədə onlarla aksiya iştirakçısı və 4 nəfər Rusiya güc strukturları əməkdaşı yaralanıb, 80 nəfərdən çox insan 10 sutka həbs edilib.
Bu hadisə Rusiya mediasında və Azərbaycan sosial şəbəkələrində böyük səs-küyə səbəb olub. Azərbaycan mediası isə əksinə, bu haqda demək olar ki, heç nə yazmayıb. Amma prezidentlər İlham Əliyev və Vladimir Putin iyunun 18-də telefon danışığı zamanı vəziyyəti müzakirə ediblər.
Ümumilikdə Dağıstanda ilişib qalanların özlərinin təəssüratına görə bu, dönüş anı olub və məsələ nəhayət, ölü nöqdətən tərpənib.