Azərbaycanlı bloger Ukraynadan deportasiya olunub və hazırda Bakıda istintaq təcridxanasındadır
Azərbaycanlı bloger Elvin İsayev Ukraynada saxlanılıb və Azərbaycana deportasiya olunub. Vətənə qaytarılan kimi o, istintaq təcridxanasına salınıb. Daha əvvəl onu miqrasiya qanunvericiliyini pozmaqda ittiham edərək Rusiyadan deportasiya etmək istəyiblər. Azərbaycanda onun nədə ittiham olunduğu hələlik bəlli deyil. İsayev Azərbaycan hakimiyyətinin ünvanına söyüşlər səsləndirdiyi video-bloqu ilə məşhurdur.
• Lapşinin işi: rusiyalı blogerin Azərbaycandakı müsibəti
• Rusiya milli azlıqların haqlarını müdafiə edən şəxsi Bakıya təhvil verib
Deportasiya təhlükəsi – qaçış – deportasiya
Elvin İsayev Rusiya vətəndaşı olub və Sankt-Peterburqda yaşayıb. Amma 2019-cu ilin avqustunda onu Rusiyada qalmaq rejimini pozmaqda günahkar bilərək oradan çıxarmaq qərarına gəliblər.
Bununla belə, Avropa İnsan Haqları Məhkəməsi İsayevə münasibətdə “39-cu qaydanın” tətbiq edilməsini tələb edib. Bu qaydaya əsasən, vətənində siyasi təqib təhlükəsi olan şəxsləri deportasiya etmək olmaz.
Sentyabrda iş yenidən baxılmağa göndərilib, İsayev isə həmin müddətdə Ukraynaya yollanıb. Dekabrın 14-də onu orada Azərbaycanın tələbi ilə saxlayıblar və Bakıya deportasiya ediblər.
Azərbaycanın Miqrasiya Xidmətindən bildirilir ki, Bakıya gəldiyi zaman İsayev özü onlara müraciət edib, tibbi müayinədən keçib və istintaq təcridxanasına yerləşdirilib.
“Həbs qərarı Nəsimi rayon Məhkəməsinin 22 avqustda İsayevin Baş Prokurorluğun Ağır Cinayətələrə dair İstintaq İdarəsininaraşdırdığı cinayət işi üzrə həbs olunması haqda çıxardığı qətnaməyə əsaslanıb”, – “Kavkazskiy uzel” Miqrasiya Xidmətinə istinadən yazıb, amma söhbətin hansı cinayət işindən getdiyi açıqlanmır.
Versiya: “İsayev yalan qurbanı olub”
Azərbaycanlı jurnalist və siyasi mühacir Fikrət Hüseynli hesab edir ki, Elvin İsayev yalan qurbanı olub – bəzi insanlar pul verərəsə onu Slovakiyaya keçirməyi vəd edərək aldadıblar və Ukraynaya getməyə sövq ediblər.
Hazırda Hollandiyada yaşayan Fikrət Hüseynlinin özü də 2017-ci ildə Ukraynada saxlanılmışdı və onu da Azərbaycana deportasiya etmək istəmişdilər – Hüseynli dələduzluqda və sərhədi qanunsuz keçməkdə ittiham olunurdu.
Daha əvvəl Rusiya və Türkiyədən də bir neçə azərbaycanlı jurnalist, bloger və siyasi fəal deportasiya olunub.
Sosial şəbəkələrdə reaksiya: təəssüfdən sevincə qədər
Azərbaycanda çoxları Elvin İsayevin fəaliyyətinə şübhə ilə yanaşır. Buna görə də sosial şəbəkələrdə İsayevin başına gələnlərə təəssüflənənlərlə onun deportasiya olunmasına sevinənlər arasında qızğın mübahisə gedir.
Bəzi şərhlər:
“Müxalifətçi olmaq üçün sadəcə söyüş söymək yetərli deyil”;
“İsayev İlham Əliyevi təhqir edirdi, İlham Əliyev isə bütün Azərbaycan xalqını təhqir edir!”
“Bu yaxınlarda yaydığı videoda o, Donetsk separatçılarını dəstəkləyirdi, deyirdi ki, “Rusiya sizinlədir!” Ukrayna düz eləyib onu deportasiya etməklə!”;
“Bu iyrənc Azərbaycan rejimi onu hansı maddə ilə mühakimə edəcək? Allah heç kimi onların cənginə salmasın!”
“Ona bu da azdır. Onun kimilər müxalifətin adını ancaq batırır”.