Azərbaycanda vergi rüsumları yenidən gözdən keçirilib: alkoqol bahalaşacaq, yağ ucuzlaşacaq
Azərbaycana alkoqol və tütün məmulatlarının idxalına vergi rüsumları 2018-ci ilin əvvəlindən dəyişəcək – büdcədə bu gəlirin iki dəfə artacağı gpstərilib; yağa olan gömrük rüsumu isə əksinə, üç dəfə azalacaq.
Azərbaycan Parlamenti hazırda gələn ilin büdcəsini müzakirə edir, buna görə də məhz büdcə gəlirləri və xərcləri ilə bağlı çox sayda təkliflər gündəmdədir.
Alkoqol və siqaret
İndi Azərbaycana bir litr pivə gətirmək üçün gömrükdə 1 manat ödəmək lazımdır. 2018-ci ilin yanvarından bu, artıq iki manat olacaq. Maliyyə naziri Samir Şərifov bildirib ki, aksiz verginin qaldırılması “daxili bazarı qorumağa imkan verəcək və əhalinin sağlam həyat tərzini təmin etməyə kömək olacaq”.
Böhran əleyhinə oxşar tədbirləri Azərbaycan hakimiyyəti iki il əvvəl də, yenə də yeni il ərəfəsində görməyə çalışmışdı: Yeni il qabağı alkoqol satışını nağdsız satış sisteminə keçirməklə mağazalardan spirtli içkilər yoxa çıxdı. 2016-cı ilin yanvarında regionlarda iqtisadi böhran və qiymətlərin bahalaşması ilə bağlı etiraz aksiyaları başladı və “alkoqol islahatları” dayandırıldı.
Yağ
Təxminən iki ay əvvəl Azərbaycan mediası və ictimaiyyət yağın qiyməti ilə bağlı narahat olmağa başladılar – məlum oldu ki il ərzində yağın qiyməti iki dəfə qaxıb və bahalaşmış digər bütün məhsulları qabaqlayıb. Rəsmi şəxslər bunu yağın qiymətinin bütün dünyada qalxması ilə izah ediblər.
O zaman iqtisadçı Natiq Cəfərli Facebook səhifəsində yazmışdı ki, idxal vergisini malın dəyərinin 15 faizindən 5 faizə endirmək lazımdır, bu zaman yağın qiyməti də ucuzlaşacaq. Bu günlərdə bellə bir təklif parlamentin müzakirəsinə çıxarılıb.
Bu il dekabrın 7-dən Azərbaycana yağ gətirilməsi ilə bağlı gömrük rüsumu 5 faiz təşkil edəcək, yəni üç dəfə azalacaq.
İqtisadçı ekspert Toğrul Maşallı dəyişiklikləri belə şərh edir:
“Birinci növbədə aksizlərin qaldırılması ilə dövlət büdcəsini gəlir hissəsini doldurmaq və yerli istehsala yardım etmək istəyirlər. Amma bunu etmək çox çətin olacaq, çünki əhalinin gəlirlərinin azalması səbəbilə alkoqolli içkilərin istehlakı da azalacaq. Yağla bağlı – bu, son zamanlar hədsiz bahalaşan kərə yağının qiymətinin formalaşmasına nə cürsə təsir etmək səyidir. İdxal rüsumunun azaldılması qiyməti heç olmasa 5 faiz ucuzlaşdırmağa imkan verəcək”.