Azərbaycanda tiktokçuların həbsi: “ictimai mənəviyyat”ın sərhədləri və ifadə azadlığı
Azərbaycanda tiktokçuların həbsi
İyulun sonu, avqustun əvvəlində Azərbaycanda “TikTok” platformasında fəaliyyət göstərən bir sıra fenomenlər bir-birinin ardınca inzibati qaydada saxlanılıb və məhkəmə qərarları ilə qısamüddətli həbs cəzalarına məhkum ediliblər.
Bu həbslər rəsmi olaraq “cəmiyyətə qarşı açıq hörmətsizlik”, “ictimai mənəviyyatı təhqir” və “milli-mənəvi dəyərlərə zidd davranış” kimi əsaslandırılır. Lakin hadisələrin ardıcıllığı və tətbiq edilən hüquqi normaların genişliyi bir daha ifadə azadlığı ilə dövlətin “mənəviyyat”ı qorumaq iddiası arasındakı tarazlıq məsələsini gündəmə gətirir.
Açıq mənbələrə görə, aşağıdakı şəxslər həbs edilib:
- Məqsəd Bağırov (“Çevik”) iyulun 27-də saxlanılıb. Anti-din çıxışları ilə tanınan bu tiktokçu İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi – internetdə kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən hərəkətlər əsasında 10 sutka inzibati həbs cəzası alıb.
- Üzeyir Abas iyulun 28-də dini inancları təhqir edən paylaşımlara görə saxlanılıb.
- Müjgan Məmmədzadə iyulun 30-da Sabunçu rayonunda saxlanılıb. Eyni 510.2-ci maddə ilə 10 sutka həbs edilib.
- Murad Qasımov (“Murad Sadə”) iyulun 30-da saxlanılıb və 30 sutka inzibati həbs cəzası alıb.
- Sənur Əzizov avqustun 1-də Səbail rayonunda saxlanılıb. 510.1-ci maddə – xırda xuliqanlıq – cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər əsasında 8 sutka həbs olunub.
- Əlikram Heydərov avqustun 2-də saxlanılıb və eyni 510.1-ci maddə ilə 8 sutka həbs cəzası alıb.
Hüquqi fon
Bu həbslərin əsasını 2026-cı ilin əvvəlində qüvvəyə minən “İnformasiya, informatizasiya və informasiyanın mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklər təşkil edir.
Dəyişikliklər internetdə “ictimai mənəviyyata təhqir”, “cəmiyyətə açıq hörmətsizlik”, “əxlaqsız ifadələr, jestlər və ya bədən hissələrinin milli-mənəvi dəyərlərə zidd formada nümayişi” kimi məzmunların yayılmasını məsuliyyətə cəlb edir. İnzibati Xətalar Məcəlləsinin 510.1 və 510.2-ci maddələri isə praktiki tətbiq alətinə çevrilib.
Problem ondadır ki, “ictimai mənəviyyat” və “milli-mənəvi dəyərlər” anlayışları qanunda konkret meyarlarla müəyyən edilməyib. Nəticədə eyni hərəkət bir vəziyyətdə “ifadə azadlığı”, digərində isə “xuliqanlıq” kimi qiymətləndirilə bilir.
Hüquqşünas rəyi
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 510.2-ci maddələrinin, eləcə də “İnformasiya, informatizasiya və informasiyanın mühafizəsi haqqında” qanuna 2026-cı ildə edilmiş dəyişikliklərin tətbiqi praktikası ciddi hüquqi problemlər yaradır.
Bu normalarda “ictimai mənəviyyat”, “cəmiyyətə açıq hörmətsizlik”, “milli-mənəvi dəyərlər” və “əxlaqsız ifadələr və ya jestlər” kimi anlayışlar heç bir konkret, obyektiv və proqnozlaşdırıla bilən meyarla müəyyən edilməyib. Nəticədə eyni hərəkət bir məmur və ya hakim tərəfindən “ifadə azadlığı”, digəri tərəfindən isə “inzibati xəta” kimi qiymətləndirilə bilir.
Konstitusiyanın 47-ci maddəsi fikir və söz azadlığını, 71-ci maddəsi isə insan və vətəndaş hüquq və azadlıqlarının təminatını bəyan edir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi isə ifadə azadlığını qoruyur və onun məhdudlaşdırılmasını yalnız qanunla nəzərdə tutulmuş, demokratik cəmiyyətdə zəruri və mütənasib hallarla bağlayır. Avropa İnsan Hüquqları Məhkəməsinin sabit praktikasına görə, məhdudlaşdırıcı qanun proqnozlaşdırıla bilən olmalıdır – vətəndaş hansı hərəkətin cəzalandırılacağını əvvəlcədən bilməlidir.
Hazırkı normalar bu tələbi ödəmir. Onlar o qədər geniş və qiymətləndirilməsi çətindir ki, demək olar, hər hansı tənqidi, ironik, anti-din və ya sadəcə “adi” hesab edilməyən məzmunu əhatə edə bilər. Bu isə seçici tətbiq riskini, özünə senzura effektini və ifadə azadlığının faktiki məhdudlaşdırılmasını yaradır.
Qısa müddətli inzibati həbslər formal olaraq “yüngül” cəza kimi görünə bilər, lakin onların sistematik tətbiqi daha ağır nəticə doğurur: insanlar riskli mövzulardan uzaqlaşır, platformalar isə ‘təhlükəsiz’ məzmuna doğru daralır. Bu, nə mənəviyyatı, nə də ictimai qaydanı gücləndirir; əksinə, hüquqi qeyri-müəyyənliyi dərinləşdirir.
İnsan haqları və qanunun qeyri-müəyyənliyi
Bu rəyin arxasında dayanan əsas problem qanunun qeyri-müəyyənliyidir. Hüquq nəzəriyyəsində və beynəlxalq praktikada bu, ən təhlükəli məhdudlaşdırma formalarından biri hesab olunur. Çünki o, yalnız konkret şəxsləri cəzalandırmır, bütün cəmiyyəti “ehtiyatlı” davranmağa məcbur edir.
- Seçici tətbiq: Qeyri-müəyyən normalar həmişə seçici tətbiqə yol açır. Eyni platformada digər növ təhqiramiz, nifrət dolu və ya əxlaqsız məzmunlar mövcud ola bilər, lakin yalnız müəyyən istiqamətli (məsələn, anti-din və ya “hörmətsiz” hesab edilən) paylaşımlar cəzalandırılır. Bu, bərabərlik prinsipini (Konstitusiyanın 25-ci maddəsi) və ayrı-seçkilik qadağasını pozur.
- “Çəkindirici effekt”: Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə qeyd edib ki, qeyri-müəyyən və geniş qanunlar ifadə azadlığına birbaşa senzuradan daha çox zərər vurur. Çünki insanlar cəzadan qorxaraq özünü senzura edir. TikTok kimi platformalarda bu effekt xüsusilə güclüdür: gənclər riskli mövzulardan uzaqlaşır, tənqidi və ya fərqli fikir səsləndirməkdən çəkinir. Nəticədə ictimai müzakirə daralır, cəmiyyət isə homogenləşir.
- Mütənasiblik və zərurilik prinsipi: Hətta mənəviyyatın qorunması legitim məqsəd olsa belə, məhdudlaşdırma mütənasib olmalıdır. 8-30 sutkalıq həbslər qısa görünə bilər, lakin onların sistematik və tez-tez tətbiqi artıq “cəza” deyil, “nəzarət mexanizmi”dir. Alternativ vasitələr – xəbərdarlıq, platformanın öz qaydaları, media savadlılığı proqramları mövcud olduğu halda birbaşa azadlıqdan məhrumetmənin zəruriliyi şübhə doğurur.
Azərbaycanda tiktokçuların həbsi