Düz bir il sonra Azərbaycanda ali məktəblər açılır, amma hamı üçün yox
Azərbaycanın Təhsil Nazirliyi fevralın 15-dən ölkənin ali məktəblərində ənənəvi tədris prosesinin başlayacağı haqda elan edib. Amma bu qərar bütün tələbələrə aid deyil, çoxları onlayn-tədrisə davam edəcək. Hələ də tələbələr üçün nəqliyyat problemi həll olmayıb.
- “Yoxsa aclıq olacaq” – Gürcüstanın Cavaxeti bölgəsində Ermənistan və Rusiya ilə sərhədlərin açılmasını tələb edirlər
- Sorğu: Bakı sakinləri koronavirus vaksininə etibar edirlərmi? – Video
- Fevralın 6-da Gürcüstanda restoranlar etiraz əlaməti olaraq özbaşına açılacaqlar
Düz bir il əvvəl 2020-ci il fevralın ortasında Azərbaycanda ali məktəblərdə yaz semestri başlayandan onlayn tədrisə keçmək qərara alınıb. Bu qərar koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul edilib.
Yuxarı siniflər kənarda qalıb
Ötən il ərzində tələbələrin bir hissəsi məzun günü qeyd edə bilmədən universiteti bitirib, abituriyentlərin bir hissəsi isə tələbə adı qazansa da, hələ də auditoriyanın kandarından içəri keçməyib.
Budur, nəhayət, fevralın 15-də tələbələr universitet auditoriyalarında təhsil almağa başlayacaqlar, amma bu, onların hamısına aid deyil. Təhsil Nazirliyinin qərarına əsasən, praktiki məşğələlər tələb edən ixtisaslar üzrə və tələbələrin fiziki iştirakını tələb edən tədris fənləri üzrə (tibb, yaradıcılıq, mühəndislik və sairə) əyani təhsil bərpa olunur.
Digərləri isə distant təhsilə davam edəcək.
Fevralın 15-dən ümumtəhsil məktəblərinin 5-9-cu sinif şagirdləri də ənənəvi təhsil formasına keçir. Yuxarı sinif şagirdləri üçün onlayn təhsil davam edəcək. Fevralın 1-dən ibtidai sinif şagirdləri həftədə üç dəfə məktəbə gedir.
Nəqliyyat işi necə olacaq?
Artıq 10 gündən sonra tələbələrin və məktəblilərin təhsil müəssisələrinə gedib-gəlməli olmalarına baxmayaraq, ölkənin ali təhsil ocaqlarının çox hissəsinin cəmləşdiyi Bakıda nəqliyyat qismən işləyir.
2020-ci ilin noyabrından metro bağlıdır, avtobuslar ancaq həftəiçi hərəkət edir.
Ekspertlər ümid edirlər ki, fevralın 15-ə qədər bu problemlər öz həllini tapacaq.