Azərbaycanda prezident xarici işlər nazirini iş başında tapmadı
Dünən Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev Xarici İşlər Naziri Elmar Məmmədyarovu kəskin tənqid edib. E.Məmmədyarov özü iclasda iştirak etməyib. Prezident ayın 12-də Ermənistanla Azərbaycan arasında baş verən döyüş zamanı hamının iş başında olduğunu, Xarici İşlər Nazirinin isə yerində olmadığını bildirib.
“…Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik…Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi?” – deyə, prezident soruşub.
Baş Nazir Əli Əsədov cavab olaraq deyib ki, Elmar Məmmədyarov evdən işləyir: “Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm”.
Elmar Məmmədyarovla məsələylə bağlı əlaqə saxlayan jurnalistə isə nazir telefonda belə cavab verib: “Əşi, sən Allah bəsdir. Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya zəng et, cavablandırsın”.
Elmar Məmmədyarov 2004-cü ildən Azərbaycan Respublikasının Xarici İşlər Naziri vəzifəsindədir.
İyulun üçündə Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində nazirliyin üç əməkdaşı rüşvət faktı ilə saxlanılmışdı.
Xarici İşlər Nazirliyinin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev, rəsmi məlumata görə, rüşvət aldıqları üçün həbs olunublar.