Azərbaycanda Novruz bayramı – yazın gəlişi qeyd olunur. Fotoreportaj
Azərbaycanda dövlət səviyyəsində Novruz bayramı – yazın gəlişi qeyd olunur. Zərdüşt dinində fakiki yeni ilin gəlişi hesab olunan Novruz martın 20-dən 21-ə keçən gecə qeyd edilir və gecə-gündüz bərabərliyi ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq bir həftə qeyri-iş günləri elan olunub.
• Bakıda Ramazan bayramından fotoreportaj
• Formula-1 Azərbaycanın nəyinə lazımdır?
Novruzda şəkərbura, paxlava, qoğal bişirmək, tonqal qalayıb, ağırlığın alovda qalsın deyə üzərindən tullanmaq, bununla da bahar kimi yenilənmək adətdəndir. Həmçinin bu günlərdə kütləvi bayram şənlikləri, folklor personajlarının iştirakı ilə küçə tamaşaları təşkil olunur.
Bu il əyləncə proqramı ötən ilki bayramla müqayisədə daha sadədir. Amma yenə də bayram həftəsində bir neçə küçə konserti nəzərdə tutulub və şəhərin mərkəzində bayram yarmarkaları təşkil edilib. Amma hələlik kütləvi əyləncə yerlərində adamlar azdır, çünki hava soyuq və yağışlıdır.
Ənənəyə görə bayram axşamı evdə, ailə çevrəsində keçirilir. Süfrəyə plov, şirniyat, qoz-fındıq, quru meyvə dolu xonça və Novruzun əsas rəmzi olan səməni düzülür. Bayramın “olmazsa olmaz”larından biri də ailə üzvlərinin sayına görə şam yandırmaqdır.