Azərbaycanda karantin iki ay da uzadıldı
Azərbaycanda karantin iki ay da uzadıldı – 2021-ci il iyunun 1-ə qədər. Aprel və may aylarında şənbə və bazar günləri ictimai nəqliyyatişləməyəcək. Martın 20-dən 29-a qədər bayram tətilində də avtobusların hərəkəti qadağan olunub.
- Azərbaycanın ilk müstəqil teatrı Milli teatr günündə küçəyə atılıb
- AstraZeneca: xilas, yoxsa təhlükə? Koronavirusa qarşı vaksin ətrafındakı son mübahisələr haqda hər şey
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejiminin 2021-ci il iyunun 1-ə qədər uzadılması haqda qərar qəbul edib. Sonuncu dəfə karantin yanvarda aprelə qədər uzadılmışdı.
İctimai nəqliyyat tətilə gedir
Doqquz gün – martın 20-dən 29-a qədər Azərbaycanda Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri elan olunub. Bu günlərdə bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti qadağan olunub.
Bundan başqa, avtobuslar 2021-ci il iyunun 1-ə qədər şənbə və bazar günləri işləməyəcək. Bu yeni qərar deyil – Azərbaycanda avtobuslar 2020-ci ilin oktyabrından istirahət günlərində işləmir.
Həmçinin ötən ilin oktyabrından Bakıda metro – Azərbaycan paytaxtında əsas ictimai nəqliyyat növü də işləmir. Prezident köməkçisi Şahmar Mövsümovun sözlərinə görə, metropolitenin açılması hələlik müzakirə olunmur. Bu nəqliyyat növü ən böyük virusun yayılması riski daşıyır – o qeyd edib.
Toy olmayacaq
Azərbaycan prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqi zamanı jurnalistlərin toylara icazə verilməsi ilə bağlı sualına cavab verib.
Məmur bildirib ki, bu məsələ hələlik hökumət səviyyəsində müzakirə edilmir və karantin dövründə kütləvi tədbirlərin keçirilməsi tövsiyə olunmur.
Azərbaycanda 2020-ci ilin martından toy və digər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.
Regionlara yollar bağlanmayıb
Bakı sakinlərinin əsas narahatlığı bayram günlərində paytaxtdan regionlara gediş-gəlişin bağlanması ilə bağlı idi. Məsələ burasındadır ki, insanlar ənənəyə uyğun olaraq yaz tətilini şəhərdən kənarda keçirirlər.
Amma Operativ Qərargah ölkə regionlarına yolları bağlamamaq qərarına gəlib.
Bayram günlərində kafe və restoranlar da işləyəcək. Onlara səhər 6-dan gecə yarısına qədər xidmət göstərməyə icazə verilib.
Britaniya ştammı Azərbaycanda
Martın 18-də Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə koronavirusun Britaniya ştammının aşkarlandığını elan edib.
Qeyd olunub ki, artıq üç nəfər – iki qadın və bir kişi COVID-19 virusunun bu daha təhlükəli ştammına yoluxub.
Yaşı 40-dan yuxarı vətəndaşların vaksinasiyası başlayır
Martın 22-dən Azərbaycanda yaşı 40-dan yuxarı olan vətəndaşların vaksinasiyası başlayır. Bu artıq əhalinin vaksinasiyası prosesinin dördüncü mərhələsidir.
Birinci mərhələdə tibb işçiləri, ikinci mərhələdə 65 yaşdan, üçüncü mərhələdə isə 50 yaşdan yuxarı vətəndaşlar vaksinasiyadan keçib.
Hökumətdən verilən məlumata əsasən, martın 19-a qədər Azərbaycanda 470 min nəfərdən çox adam vaksinasiyadan keçib.
Ölkədə Çin istehsalı olan SinoVac peyvədindən istifadə olunur.
Şərhlər
Sosial şəbəkə istifadəçiləri fəal şəkildə Operativ Qərargahın son brifinqinin nəticələrini və səsləndirilən qərarları müzakirə edirlər. Bəzi xarakterik şərhlər:
“Azərbaycanca serial-triller “Brifinq” adlanır və hamı nəfəsini belə dərmədən onun başlanmasını gözləyir, Operativ Qərargah üzvlərinin ağzından çıxan hər kəlməni güdürlər. Belə nəhəng uğura heç “Xaç atası”nda Robert De Niroya da nəsib olmayıb”.
“Məncə, Britaniya ştammı və brifinq ətrafındakı bütün bu hayp informasiya pərdəsidir”.
“Hələ ki vaxt var avtobusla şəkil çəkdirin, sonra gec olacaq”.