Azərbaycanda iki Ermənistan vətəndaşı mühakimə olunur
Azərbaycanda birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə işgəncə verməkdə və onları qətlə yetirməkdə ittiham olunan iki erməninin məhkəməsi başlayıb.
İyunun 2-də ikinci Qarabağ müharibəsi zamanı ələ keçirilən Ermənistan vətəndaşları Lüdvik Mkrtçoviç Mkrtçyan və Alyoşa Aramaisoviç Xosrovyanın mühakiməsi üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsində hazırlıq iclası keçirilib.
- Daha üç hərbi əsir Azərbaycandan Ermənistana qayıdıb
- Azərbaycandan Yerevana uçan təyyarə niyə boş idi – Bakıdan şərh
- 1 : 5 – Ermənistan və Azərbaycan yenidən əsirləri dəyişib
Barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilən Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın AR Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə ittiham olunurlar.
11 nəfərdən çox əsirə işgəncə
İttihama görə, Ermənistan vətəndaşı 1969-cu il təvəllüdlü Lüdvik Mkrtçyan erməni silahlı qüvvələrinin tərkibində 1991-ci ilin iyulunda Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürdükləri Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Yerevana aparılmış və orada hərbi hissələrin birində saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.
“İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın Yerevan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib”, – ittiham aktında deyilir.
Lüdvik Mkrtçyanın 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan hərbçiləri tərəfindən ələ keçirildiyi bildirilir.
Azı 5 əsirə işgəncə
İstintaq materiallarına görə, Ermənistan vətəndaşı 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyana qarşı da oxşar ittihamlar irəli sürülüb. O, 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməkdə, onlarla qəddar və qeyri-insani rəftar etməkdə təqsirləndirilir.
“Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində saxlanılan zaman, qondarma Dağlıq Qarabağın Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib”, – ittiham aktında qeyd olunub.
Rəsmi məlumata əsasən, Alyoşa Xosrovyan Azərbaycan ərazilərində kəşfiyyat apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilib.
Ombudsmanın ziyarəti
Hazırlıq iclasında hakimlər müşavirəyə çıxdıqdan sonra Ombsudman Səbinə Əliyeva təqsirləndirilən şəxslərlə görüşüb, onların saxlanma şəraiti və səhhətləri ilə maraqlanıb.
Məhkəmənin baxış iclası iyunun 9-na təyin edilib.