Azərbaycanda Elmar Hüseynovun xatirəsi yad edilib
İyulun 17-də Azərbaycanda “Monitor” jurnalının 2005-ci ildə qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun xatirəsi anılıb.
İxtisasca hidrotexnik mühəndis olan Elmar Hüseynov jurnalistikaya 1996-cı ildə gəlib. “Zerkalo” qəzetində fəaliyyətə başladıqdan sonra eyni ildə “Monitor” jurnalının nəşrinə start verib və bu jurnal ilk nömrəsindən etibarən Azərbaycanın ən populyar nəşrinə çevrilib.
Elmar Hüseynov tənqidi məqalələrinə görə mütəmadi olaraq hakimiyyətin təhdid və təzyiqlərinə məruz qalıb, 34 dəfə məhkəmə məsuliyyətinə cəlb olunub. 2004-cü ilin yanvarında polis əməkdaşları ondan prezident və onun ailəsinə qarşı tənqidi materialları dayandırmağı tələb ediblər, əks halda onu məhv edəcəkləri ilə hədələyiblər.
Xarici dövlətlərin siyasi sığınacaq təkliflərinə baxmayaraq, Elmar Hüseynov Azərbaycanda qalıb və peşəkar fəaliyyətini davam etdirib. “Monitor” jurnalının son nömrəsi 2005-ci il fevralın 19-da işıq üzü görüb.
Elmar Hüseynov 2005-ci il martın 2-də mənzilinin kandarında yeddi güllə ilə qətlə yetirilib. O vaxt Azərbaycan prezidenti bu qətlin “ölkənin nüfuzuna ləkə və Azərbaycanın demokratik inkişafına böyük zərbə” olduğunu bildirmişdi.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Strasburqda 2017-ci il aprelin 13-də Azərbaycan hökumətinin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı effektiv araşdırma aparmadığını, jurnalistin qatillərini məsuliyyətə cəlb etmək üçün heç bir lazımı addım atmadığını təsbit etdi.
“Monitor” jurnalının arxivi ilə buradan tanış olmaq mümkündür.
JAMnews-un Avropa İnsan Haqları Məhkəməsinin qərarı haqda xəbəri:
https://jam-news.net/?p=32015&lang=az-AZ