Azərbaycanda doqquz nəfər koronavirusa yoluxub - üç yeni yoluxma halı təsdiqlənib
Azərbaycanda üç yeni koronavirusa yoluxma halı qeydə alınıb. Hər üçü İrandan qayıdan Azərbaycan vətəndaşlarıdır. Ölkədə virusa yoluxanların sayı doqquz nəfərə çatıb.
Bütün yoluxanlar xüsusi rejimli xəstəxanaya yerləşdirilib. İranla Azərbaycan arasında sərhəd bağlıdır, amma iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün dəhliz mövcuddur.
Səhiyyə Nazirliyi əmin edir ki, ölkədə koronavirusun test edilməsi üçün hər şey var, xəstələrin vəziyyəti stabildir, vəziyyət nəzarət altındadır.
Virusun yayılmasının qarşısını almaq üçün Azərbaycanda martın 9-a qədər (daxil olmaqla) bütün təhsil müəssisələri və uşaq bağçaları bağlıdır. Binalarda dezinfeksiya işi aparılır. Həmçinin vağzallar və ictimai nəqliyyat da dezinfeksiya edilir. Martın 27-ə qədər teatr və konsert zalları da qapalıdır.
Televiziya vasitəsilə insanlara koronavirusdan qorunmanın yolları izah edilir – tez-tez əlləri yumaq və insanlar çox olan yerlərə getməmək.