Azərbaycanda dini hərəkat üzvü polis tərəfindən zorlandığını bildirib
YouTube kanallarından birinin canlı efirinə qoşulan “Müsəlman Birliyi” hərəkatının üzvü Elgiz Məmmədov bildirib ki, saxlanıldığı zaman hüquq-mühafizə orqanlarında təcavüzə məruz qalıb. Hüquq müdafiəçisi Rüfət Səfərovun fikrincə, ölkədə baş verən son hadisələr zənciri etirazçılara qarşı bütün hüquqa zidd əməllərin birbaşa ölkə rəhbərliyinin tapşırığı ilə baş verdiyini göstərir.
- Reportyor və LGBTI+ fəalı Əvəz Hafizlinin qatilinin məhkəməsi başlayıb
- RATİ Azərbaycan hakimiyyətini İlham Təhməzovu dərhal azad etməyə çağırıb
- “Şəxsiyyət pozuntusudur deyib, dispanserə yolladılar”. LGBTI+ icması Azərbaycandakı problemlərini dilə gətirib
Nə baş verib?
“Müsəlman Birliyi” hərəkatının üzvü Elgiz Məmmədov bir ay əvvəl saxlanılıb və inzibati həbs cəzası alıb.
İyunun 19-da azadlığa çıxan Məmmədov sarsıdıcı bəyanatlar səsləndirib. Onun sözlərinə görə, şalvarını çıxarıb, ona təcavüz ediblər.
Bu haqda Məmmədov özü danışıb.
“Bu, son həddir. Ötən mətbuat konfransında dediyim kimi, bir azdan eyni aqibəti ailə üzvləri yaşayacaq. İyrənc sistemə qarşı çıxıb, tənqid edən şəxslərin ailə üzvləri. Buna gedir”, – hüquq müdafiəçisi Rüfət Səfərov Facebook-da yazıb.
Hüquq müdafiəçisi qeyd edib ki, Elgiz Məmmədv təcavüzlə bağlı iddianı “Osmanqızı TV” YouTube kanalının canlı yayımında səsləndirib.
Elgiz Məmmədov “Müsəlman Birliyi” hərəkatının digər dörd üzvü ilə birlikdə Bakıda Razi Abbasovun məhkəmə prosesi zamanı məhkəmə binası qarşısında saxlanılıb.
Saxlanılan daha üç nəfər
Ötən şənbə, iyunun 18-də Bakıda “Müsəlman Birliyi” hərəkatının daha üç üzvü saxlanılıb.
Yasin Əhmədov, Vüqar Əliyev və Nicat Əliyev Sumqayıt şəhərində divarların birinə “Allahı söyənlərə cəza” şüarı yazıblar.
Şərhlər
Dövlət öz vətəndaşlarının fundamental azadlıqlarına, etik prinsiplərə və dini hisslərə hörmətlə yanaşmalıdır – hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbərlərindən biri Rüfət Səfərov hesab edir.
“Bu, ölkəmizdəki siyasi sistemdən və Azərbaycanın iştirak etdiyi beynəlxalq konvensiyalardan irəli gəlir.
Təsadüfi deyil ki, hüquq müdafiə təşkilatları “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadəni və digər həbs olunmuş üzvlərini vicdan məhbusu kimi tanıyırlar.
Adam saxlanıldığı vaxt hüquq-mühafizə orqanlarında zorlandığını deyir. Və bu orta əsrlərdə, feodal quruluşda yox, XXI əsrdə Azərbaycanda baş verir. Siz bunu təsəvvür edirsiz?
Elgiz Məmmədov danışır ki, başına kisə keçiriblər və harasa aparıblar. Təbii ki, o hara aparıldığını görməyib. Amma o, polis tərəfindən saxlanılıb, bundan sonra məhkəmə qarşısına çıxarılıb və inzibati cəzaya məhkim edilib. Başqa sözlə, hüquq-mühafizə orqanlarından başqa heç ki bunu edə bilməzdi.
Son zamanlar rejimə qarşı çıxanlara münasibətdə törədilənlər bütün bunların arxasında kimin dayandığına dair şübhə yeri qoymur. Bu təcavüz faktı, ictimai fəal Bəxtiyar Hacıyevin alçaldılması, jurnalist Aytən Məmmədovanın boğazına bıçaq dirənməsi – bütün bunlar təsadüfi deyil və ölkə rəhbərliyinin xəbəri olmadan həyata keçirilə bilməz”, – Səfərov qeyd edib.
Hüquq-mühafizə orqanlarında təcavüz faktları yenilik deyil – “Müsəlman Birliyi” hərəkatının üzvü Əbülfəz Bünyadov bildirib.
“Onlar çox gözəl bilirlər ki, zorlandığını etiraf edə bilər. Bu, bizim mənəvi dəyərlərimiz və ənənələrimiz baxımından heç bir çərçivəyə sığmır. Siz ancaq özündə bunu etiraf edəcək gücü tapanların səsini eşidirsiz.
Əlbəttə, burada heç bir təsadüf yoxdur. Demək olar ki, bu artıq qanunauyğunluqdur, nə qədər dəhşətli səslənsə də.
Mən özüm bir zamanlar bütün bu təhqirlərə məruz qalmışam. Sadəcə indi insanların artıq itirəcək bir şeyi qalmayıb, onlar bu haqda açıq danışa bilirlər.
Başqa sual odur ki, bu niyə baş verir? Mənə elə gəlir ki, sadəcə insanları qorxutmaq istəyirlər. Qorxutmaq siyasəti. Digərləri də qorxsun deyə”.