Azərbaycanda azyaşlıların evliliyə məcbur edilməsi daha ciddi cəzalandırılmalıdır – məmurlar belə hesab edir
Azyaşlı qızların evliliyə məcbur edilməsinə görə cəza sistemi daha sərtləşdirilməlidir – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov belə hesab edir.
İndi qanuna əsasən, azyaşlı qızların evliliyə məcbur edilməsinə görə böyük məbləğdə cərimə və ya dörd ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Amma reallıqda bu qanun praktiki olaraq işləmir.
“Biz istəyirik ki, erkən evliliklərin qarşısının alınması üçün bu cəza daha çox tətbiq olunsun. Uşaqların maraqlarını nəzərə alaraq bu sistemi sərtləşdirmək lazımdır”, – Səfərov deyir.
Həmçinin onun fikrincə, Azərbaycanda Uşaq Məcəlləsinə, o cümlədən də məişət zorakılığı və gender bərabərsizliyi ilə mübarizə üzrə milli plana ehtiyac var.
Səfərov bildirib ki, Uşaq Məcəlləsi layihəsi artıq hazırdır.
Məcburi erkən nikahlar Azərbaycan cəmiyyətinin ən aktual problemlərindən biridir. Bu cür nikahların qızın qətli və ya intiharı ilə nəticələndiyi hallar da olur. Sonuncu bu cür hadisə yanvarın 29-da baş verib və ilkin versiyaya əsasən qızı əri öldürüb.
• “Əminə ilə ikimizə bir ərimiz vardı”
• Niyə Azərbaycanda qohumlar arasında uşaqlar “bölüşdürülür”?