Azərbaycanda 19 yaşlı tələbə təhsil hüququndan məhrum ola bilər
Bakı Dövlət Universitetinin tələbəsi Rüstəm İsmayılbəyli hüquq-mühafizə orqanları tərəfindən təqibə məruz qalır. Sonuncu dəfə 19 yaşlı gənc guya sanitar-epidemioloji qaydaları pozduğu üçün bir ay inzibati həbslə cəzalanıb. Bununla da onun təhsil hüququ pozulur.
- Azərbaycanlı tələbəni Təhsil Nazirliyinə müraciət etdiyi üçün 15 sutkalıq həbs ediblər
- İctimai fəal Rüstəm İsmayılbəyli şəhər mərkəzində dostlarıyla gəzərkən polis tərəfindən təqib olunduğunu deyir
- Bakıda Saleh Rüstəmova dəstək aksiyasında 40 nəfərdən çox vətəndaş saxlanılıb və döyülüb. Video
Bu gün mən sizə oğlum, 2002-ci il təvəllüdlü Rüstəm İsmayılbəylinin mərkəzində qaldığı, hətta günümüzün Azərbaycanı üçün də qeyri-adi olan vəziyyət haqda danışacağam.
Rüstəm İsmayılbəylinin yolu. Başlanğıc
İlk dəfə Rüstəm şəhərin mərkəzində etiraz aksiyasında iştirak etdiyi üçün hüquq-mühafizəçiləri tərəfindən saxlanılanda 17 yaşı tamam deyildi. Yetkinlik yaşına çatmadığı üçün o vaxt hələ BDU Şərqşünaslıq Fakültəsinin birinci kurs tələbəsi olan Rüstəmi buraxdılar. Bu cür bir neçə saatlıq saxlanılmalar təxminən il yarım davam etdi. Bu müddət ərzində mən iki dəfə Bakı kənarında insansız ərazidə tərk edilmiş oğlumu gətirmək üçün yüz kilometrə qədər yol qət etməli oldum. Hüquq-mühafizə orqanları şəhərdən bu cür “sürgünü” “hadisə yerindən uzaqlaşdırma” adlandırır.
18 yaşı tamam olan kimi Rüstəm İsmayılbəyli 15 sutka inzibati həbs edildi. Bu, 2020-ci ilin iyununda baş vermişdi. Pulsuz (dövlət hesabına) təhsil alan Rüstəm bütün tələbələr üçün pulsuz təhsil çağırışı ilə Təhsil Nazirliyinə müraciət etmişdi. Onu Təhsil Nazirliyinin binasındaca saxlamışdılar, daha sonra məhkəmədə karantin qaydalarını pozmaqda (baxmayaraq ki, o, maskada idi və heç bir qaydanı pozmamışdı) və… hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə günahlandırmışdılar.
Bu həbs universitetdə imtahanlar dövrünə təsadüf etmişdi və İsmayılbəyli bir neçə imtahanı ötürməli olmuşdu. O, fiziki olaraq imtahanlarda iştirak edə bilməmişdi, çünki barmaqlıqlar arxasında idi.
Ötürülmüş imtahanlar
Bu səbəbdən Rüstəm daha çox çalışaraq növbəti imtahanlarla birlikdə ötürdüyü imtahanları da verməyə başlamışdı. Buna paralel olaraq artıq 19 yaşlı gənc intensiv şəkildə ingilis dilini öyrənirdi ki, magistr pilləsində təhsilini ölkə kənarında davam etdirsin.
Amma Azərbaycanın hüquq-mühafizə orqanlarının planları bir qədər fərqliydi.
2021-ci il dekabrın 1-də Bakının mərkəzində – Fəvvarələr Meydanında etiraz aksiyası təyin edilmişdi. Bundan bir neçə gün əvvəl sosial şəbəkələrdə event yaradılmışdı və orada aksiya təşkilatçılarının kimliyini və kimlərin iştirak etmək niyyətində olduğunu görmək mümkündür.
Rüstəm bir neçə səbəbdən həmin aksiyada iştirak etməmək qərarı almışdı. Birincisi, universitetdə dərsləri günorta başlayır və aksiyanın təyin edildiyi saatla üst-üstə düşürdü. İkincisi, onun üçün kritik zaman idi – həbs gələcək təhsili ilə bağlı bütün planlarını alt-üst edə bilərdi.
Buna görə də Rüstəm Facebook səhifəsində aktivist dostlarını etiraz aksiyasında iştirak etməyəcəyi ilə bağlı xəbərdar etmişdi. Üstəlik universitetdə dərsdə olduğu zaman mənə messengerdən yazmışdı ki, dərs vaxtı (artıq etiraz aksiyası gedirdi və saxlanılmalar başlamışdı) fakültənin dekan müavini (aktivist tələbəni qeyri-rəsmi kurasiya edir) onların auditoriyasına gəlib və onun dərsdə olduğuna əmin olub.
Gözlənilməz həbs
Aksiya başa çatdıqdan və onlarla iştirakçı polis tərəfindən saxlanıldıqdan sonra oğlumla sosial şəbəkələrdə canlı yayımla izlədiyimiz aksiyanı müzakirə də etmişdik. Azərbaycanda qazanılan acı təcrübədən dərs alaraq oğlumdan xahiş etmişdim ki, yaxın 2-3 saat ərzində şəhərdə görünməsin. Amma görünür, o hüquq-mühafizə orqanlarına məndən çox etibar edirmiş və dərslərdən sonra şəhərə getmək qərarına gəldi.
Rüstəm şəhərin mərkəzində görünən kimi polislər tərəfindən saxlanıldı və şöbəyə aparıldı. Bu, çox gözlənilməz idi, çünki həmin vaxt aksiya artıq çoxdan bitmişdi, üstəlik Rüstəm Fəvvarələr Meydanından xeyli kənarda saxlanılmışdı.
Bundan sonra baş verənləri cəsarətlə “absurd teatrı” adlandırmaq olar. 19 yaşlı tələbəni düz 21 saat heç bir əsas olmadan polis şöbəsində saxladılar. Həm də ailəsinə və vəkilinə harada saxlandığına dair məlumat vermədən. Səhəri gün o, məhkəmə qarşısına çıxarıldı.
Rüstəm İsmayılbəylinin etiraz aksiyasında iştirak etmədiyinə dair danılmaz faktlar təqdim olunsa da, şahidlərdən biri – polis əməkdaşı onu “aksiya təşkilatçısı” adlandırdı. Baxmayaraq ki, təşkilatçılar məlum idi və onlar Rüstəmin məhkəməsi ərəfəsində artıq azad edilmişdilər.
Faktlara heç bir əhəmiyyət vermədən Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Rüstəm İsmayılbəylini bir ay inzibati həbs cəzasına məkhum etdi. O, sanitar-epidemioloji qaydaları pozmaqda təqsirləndirildi. Hərçənd, indi Bakıda küçədə istəsən də karantin qaydalarını pozmaq mümkün deyil. Nə maska taxmaq tələbi, nə də başqa məcburiyyət var. Rüstəmin özünə gəlincə, o, koronavirusa qarşı peyvəndin hətta buster – üçüncü dozasını da vurdurub.
Ədalət ümidi
Dekabrın 1-də polis tərəfindən saxlanıldığından bəri Rüstəm İsmayılbəylinin təhsil hüququ pozulur. Bir ay müddətində dərslərdə iştirak etməməsi onun yanvarda imtahanlara buraxılmaması ilə nəticələnə bilər. Bu isə o deməkdir ki, 19 yaşlı gənc universitetdə təhsilini başa vurmaq və diplom almaq hüququndan məhrum olacaq. Bununla da təhsilini tamamlamaq imkanı iki il ertələnmiş ola bilər, çünki diplomunu ala bilməyən Rüstəmi orduda xidmətə çağıracaqlar.
Artıq inzibati cəza çəkənlər üçün təcridxanada olduğu zaman Rüstəm vəkili Zibeydə Zəkəriyyəyevanın vasitəsilə azadlığa çıxandan sonra təhsilini davam etdirmək üçün imkanın yaradılması xahişi ilə BDU rektorunun adına ərizə yazıb.
Sosial şəbəkələrdə Rüstəm İsmayılbəylinin təhsil hüququnun təmin edilməsi tələbi ilə imza kampaniyası aparılır. İki gün ərzində petisiyanı imzalayanların sayı 1300-ü aşıb.
Hələlik Bakı Dövlət Universitetinin rəhbərliyi və Azərbaycanın təhsil naziri sözügedən müraciətləri cavablandırmayıblar.