Bakıda Saleh Rüstəmova dəstək aksiyasında 40 nəfərdən çox vətəndaş saxlanılıb və döyülüb. Video
Dekabrın 1-də Bakıda Fəvvarələr Meydanında 26 gündür həbsxanada aclıq edən müxalif fəal Saleh Rüstəmova dəstək aksiyasında polis kütləvi saxlanılmalar və zorakılıq həyata keçirib. Tanınmış siyasətçi Tofiq Yaqublu amansızca döyülüb, doğmaları gənc fəal Rüstəm İsmayılbəylini tapa bilmir.
20 nəfər aksiya iştirakçısı polis şöbəsinə aparılıb, təxminən o qədəri də şəhər kənarına aparılıb və orada sərbəst buraxılıb. Bu haqda Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi Təzəxan Mirələmli məlumat verib.
Saleh Rüstəmov kimdir?
Azərbaycanın Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı və birinci Qarabağ müharibəsi iştirakçısı Saleh Rüstəmov həbs olunana qədər Rusiyada işləyirdi və oradan mənsub olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının ayrı-ayrı üzvlərinə dəstək üçün kiçik məbləğdə pullar göndərib. 2018-ci ildə yaxının dəfnində iştirak etmək üçün Azərbaycana gəlib və həbs edilib. O, qanunsuz narkotik dövrüiyyəsi də daxil olmaqla bir neçə ittiham üzrə yeddi il və üç ay müddətinə azadlıqdan məhrum edilib. AXCP-dən bildirilir ki, Rüstəmov siyasi repressiya qurbanıdır.
2021-ci il noyabrın əvvəlində Azərbaycan parlamenti amnistiya haqda qanun layihəsi qəbul edib. Amnistiya həmçinin birinci və ikinci Qarabağ müharibələrinin iştirakçılarına şamil edilib. Amma Rüstəmov amnistiyadan yararlana bilməyib. Noyabrın 6-da o, etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Bir neçə qeyri-hökumət təşkilatı, hüquq müdafiəçisi və media noyabrın 19-da Rüstəmovun azad edilməsi xahişi ilə prezidentə müraciət edib. Həbsxana xəstəxanasının həkimləri fəalın səhhətinin ağır olduğunu bildiriblər. O özü isə quru aclığa keçmək niyyətini açıqlayıb. Noyabrın 30-da Azərbaycanın bir neçə siyasi partiyası Rüstəmovun azad edilməsi tələbi ilə çıxış edib.
Saxlanılanlar arasında tanınmış siyasətçi, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu, onun qızı Nigar Həzi, AXCP Qadınlar Təşkilatının üzvü Dilarə Miriyeva, AXCP Ali Məclisinin üzvü İlham Hüseyn, hüquq müdafiəçisi Zəfər Əhmədov, “Müsavat” partiyasının Gənclər Təşkilatının üzvü Ayxan Hacıbəyli və digərləri olub.
Aksiyada iştirak etməyən, hadisə yerinə aksiyadan təxminən saat yarım sonra gələn gənc fəal Rüstəm İsmayılbəyli kobud şəkildə saxlanılıb. Saxlanıldığı andan ailə üzvləri onun haqqında heç bir məlumat ala bilmir. Polis onun harada olduğuna dair heç bir məlumat vermir.
Sosial şəbəkələrdə polis zorakılığını əks etdirən foto və video materiallar yayılıb:
DİN-in rəsmi məlumatında deyilir ki, “bir qrup şəxs ölkədəki karantin rejimini kobud əkildə pozaraq Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. Cəhdin qarşısı qətiyyətlə alınıb”.