Azərbaycanın İsveçdəki bütün diplomatik korpusu geri çağırılıb: səfirliyin telefonları susur
Mediada Azərbaycanın Stokholmdakı diplomatik korpusunun tam tərkiblə geri çağırıldığı haqda xəbər yayılıb. Jurnalistlərin məlumatına əsasən, müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə və səfirliyin digər səlahiyyətli şəxsləri Bakıya qayıdıblar. Baş verənləri Azərbaycan XİN-də yaşanan səs-küylü korrupsiya işi ilə əlaqələndirirlər.
Mənbələr qeyd edirlər ki, diplomatik missiyanın qapıları bağlıdır, səfirliyin telefonlarına heç kim cavab vermir.
• Bakıda etiraz, 40-a yaxın etirazçı saxlanılıb. Fotoreportaj
• Belarus: hakimiyyət repressiyaları gücləndirir və “islahat” təklif edir
Azərbaycanın İsveçdəki səfirliyi Skandinaviyada ölkənin yeganə diplomatik missiyasıdır, eyni zamanda Finlandiyada və Norveçdə olan Azərbaycan vətəndaşlarına da xidmət göstərir.
Avqustun 13-də xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həmin vaxt Bakıda olan Azərbaycanın Serbiya, Çernoqoriya, Bosniya və Herseqovinadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənov saxlanılıb.
2020-ci il iyulun əvvəlində Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan XİN-də xüsusi əməliyyat keçirib, nəticədə xarici siyasət qurumunun üç yüksək vəzifəli şəxsi saxlanılıb. Hazırda onlara qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Onlar korrupsiyada günahlandırılırlar.
Bir həftə sonra xüsusi xidmət orqanları Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəhbərini də eyni ittihamla saxlayıb.
İyulun 15-də prezident İlham Əliyevin hökumət üzvləri ilə video-konfransı zamanı dövlət başçısı xarici işlər naziri Elmar Məmmədyarovun fəaliyyətini kəskin tənqid edib. Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşdiyi zaman nazirin iş yerində olmaması buna səbəb olub. Səhəri gün Məmmmədyarov tutduğu vəzifədən azad edilib.