Azərbaycan XIN Bakıdakı Hərbi Qənimətlər Parkı haqda: “Park tarixlə bağlıdır”
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanın qarşılıqlı iddiaları ilə bağlı BMT Beynəlxalq Məhkəməsinin qərarlarını şərh edib. Xarici işlər nazirinin müavini Ermənistan tərəfinin bağlanmasını tələb etdiyi Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı da açıqlama verib.
- Bakıdan şərh: “Rusiya “cırtdan ölkələr liqası” yaratmaq istəyir”
- Xocavənddə öldürülən erməni əsilli şəxslə bağlı ziddiyyətli məlumatlar
- “Yüksək səviyyədə faydalı görüş” – Putin-Paşinyan-Əliyev danışıqlarının bütün iştirakçılarının dəyərləndirməsi
“Bu park tarixlə bağlıdır”
“Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən öncə də digər beynəlxalq təşkilatlarda Hərbi Qənimətlər Parkı ilə bağlı məsələni qaldırmışdı”, – bu gün brifinqdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Qeyd edək ki, Beynəlxalq Məhkəmədə tərəflərin iddiaları dinlənilərkən Məmmədov Azərbaycanın maraqlarını təmsil edib.
Onun sözlərinə görə, Hərbi Qənimətlər Parkı ilə bağlı iddia Azərbaycan üçün yeni məsələ deyil.
“Ermənistan tərəfi bununla bağlı müxtəlif dövlətlərə də müraciət etmişdi. Bəzi hallarda ermənipərəst qüvvələrin Ermənistanın bu mövqeyinə dəstəyi öz əksini tapıb. Ancaq burada Ermənistan xalqına qarşı hər hansı etnik nifrətdən söhbət gedə bilməz. Bu park tarixlə bağlıdır.
30 il işğal altında qalmış ərazilərdə, Vətən müharibəsində [2020-ci ilin payızında yaşanmış ikinci Qarabağ müharibəsi — JAMnews] Azərbaycana qarşı istifadə edilən silahlar, nümunələr bu parkda saxlanılır. Hətta Ermənistanın ballistik raketlərdən istifadə etməsi ilə bağlı sübutlar da bu parkda nümayiş olunur. Xaricdən gələn siyasi rəsmilər, jurnalistlərə bu faktlar göstərilir.
Biz məhkəmədə də bəyan etdik ki, bu parkın erməni xalqına qarşı etnik nifrətlə heç bir əlaqəsi yoxdur. Ardıcıl olaraq məhkəmədə də göstərdik ki, məhkəmədə bu mövzu ilə bağlı qərar əldə etmək Ermənistan üçün siyasi xal qazanmaq üçün bir addımdır. Siyasi nöqteyi-nəzərdən bu parkın bağlanması Ermənistan üçün çox əhəmiyyətli idi. Amma məhkəmənin bu mövzuda ədalətli yanaşması bizi sevindirdi”, – Elnur Məmmədov bildirib.
“Ermənistan tərəfindən pozuntular gələcəkdə də araşdırılacaq”
“Ermənistan tərəfinin bütün üzə çıxarılan pozuntulara yalnız BMT Beynəlxalq Məhkəməsində yox, digər beynəlxalq məhkəmələrdə də baxılacaq ki, Ermənistan beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunsun”, – Azərbaycan XİN rəhbərinin müavini sözlərinə davam edib.
O bildirib ki, hər bir məhkəmə konkret bir konvensiya çərçivəsində şikayətlərə dair qərar vermə səlahiyyətinə malik olduğu üçün Azərbaycan bir neçə beynəlxalq məhkəmələrdə Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalardan irəli gələn şikayətlər qaldırıb.
“Azərbaycanın ilk müraciət etdiyi məhkəmə Avropa İnsan Haqları Məhkəməsi olub. Bu şikayət həm Azərbaycan, həm də Ermənistanın tərəf olduğu 1950-ci il Avropa konvensiyası əsasında irəli sürülüb. Şikayətdə Birinci Qarabağ müharibəsi, işğal dövrü, Vətən müharibəsində Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti əksini tapıb”.
BMT Beynəlxalq Məhkəməsində qaldırılan digər iddiada Ermənistanın Azərbaycana qarşı təcavüzkar təbliğat apardığına, Azərbaycana qarşı müharibəyə başlamaq çağırışı etdiyinə, öz ölkəsində həm əhali, həm də müxtəlif təşkilatlar səviyyəsində Azərbaycana və Azərbaycan xalqına qarşı nifrət yaydığına dair bütün sübutlar təqdim olunub. Ermənistandan fərqli olaraq Azərbaycan digər ölkələrin və dinlərin mədəniyyət abidələrinə hörmətlə yanaşır.
Qeyd etmək istəyirəm ki, Ermənistan öz iddiasında bildirib ki, Azərbaycanda saxlanılan ER vətəndaşları sadəcə erməni olduqları üçün saxlanılıblar və onların azad edilməsini tələb edirlər. bu tələb təsadüfi deyil və Ermənistanın özündə mövcud olan siyasi konyektura ilə bağlıdır. Bizim tərəfimizdən Beynəlxalq Məhkəməyə bu kateqoriyadan olan şəxslərin işləri üzrə bütün məhkəmə sənədləri, üstəlik ətraflı izahatla təqdim olunub. Bundan başqa, saxlanılan ermənilərlə humanist davranmaqla bağlı çağırış səslənib, Azərbaycan isə məhkəməyə bunun elə bu cür baş verdiyinə dair sübutlar təqdim edib. Odur ki, bu halda Ermənistan siyasi divident qazana bilmədi”, – o vurğulayıb.
Nazir müavinin sözlərinə görə, bununla Ermənistanın məsuliyyətə cəlb olunması tədbirləri başa çatmayacaq:
“Azərbaycan gələcəkdə Ermənistana qarşı ətraf mühitə vurulmuş ziyan və təbii ehtiyatların qanunsuz istifadəsi və istismarı ilə bağlıdaha iki iddia qaldırmaq niyyətidndədir”.