Əliyev Putinə zəng edib: rəsmi versiyalar ziddiyyətlidir, hansına inanmalı?
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib – peyvənd icadına görə təbrik etmək, yoxsa Ermənistana silah təchizatına görə gileylənmək üçün?
Avqustun 13-də Rsuiya və Azərbaycan prezidentləri arasında baş tutan telefon danışığı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib, çünki danışıq mövzusu Azərbaycan və Rusiyanın rəsmi mənbələri tərəfindən tam fərqli təqdim olunub.
Kremlin məlumatına əsasən, İlham Əliyev dünyada ilk dəfə olaraq Rusiyada koronavirusa qarşı peyvəndin qeydiyyatdan keçirilməsi münasibətilə Vladimir Putini təbrik edib, sonra isə prezidentlər 12-16 iyulda Azərbaycan və Ermənistan arasındakı sərhəddə yaşanan kəskin eskalasiya ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflərin məsələ ilə bağlı məhz hansı fikirləri səsləndirdikləri bu məlumatda bildirilmir.
• Gürcüstan vasitəsilə Serbiyadan Ermənistana silah təchizatı haqda – olub, ya yox?
• Ermənistan və Azərbaycan sərhədində eskalasiya fonunda kim və necə “xalqları sülhə hazırlayacaq”?
• Ermənistan Azərbaycanla münaqişəyə Rusiyanın cəlb olunmasına ümid etmir
Azərbaycanın rəsmi mənbələri də bu telefon danışığı haqda məlumat yayıb. Amma bu məlumatda koronavirusa qarşı peyvəndin adı çəkilmir.
Əvəzində isə deyilir ki, İlham Əliyevin Putinə zənginin səbəbi “Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması” olub.
Prezident Əliyev hərbi yükün konkret həcmi haqda da bildirib – 400 tondan çox. O həmçinin deyib ki, daşımalar Qazaxıstan, Tükrmənistan və İranın hava məkanı vasitəsilə həyata keçirilir.
“Dövlətimizin başçısı… [daşımaların] Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır”, – telefon danışığı haqda rəsmi məlumatda deyilir.
Sosial şəbəkələrdəki müzakirələrdə bir çox Azərbaycan ekspertləri qeyd ediblər ki, bir telefon danışığı haqda bu dərəcədə fərqli iki rəsmi versiya və Azərbaycan tərəfinin üslubundakı sərtlik iki ölkə arasındakı münasibətlərdə çox nadir haldır.
Prezident Əliyevin sərhəddəki hadisələrdən bir ay sonra məsələ ilə bağlı Putinə fikrini bildirmək istəyi də müəyyən qədər təəccüb doğurub.