Azərbaycan Hava Yolları Lənkərandan Moskvaya mütəmadi uçuşlara başlayır
- Lənkəran aeroportu. Foto şəhərin rəsmi saytındandır
Azərbaycanın dövlət aviaşirkəti AZAL iyunun 8-dən etibarən ölkənin cənubundakı Lənkəran şəhərindən Rusiyanın paytaxtı Moskvaya birbaşa reyslərə başlayır, dövlət aviaşirkətinin rəsmi saytı xəbər verir.
Reyslər həftədə bir dəfə cümə günləri Airbus A320 təyyarələri ilə həyata keçiriləcək.
“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna (LKK) eniş 14:10-da baş verəcək. Əks istiqamətdə təyyarələr Lənkərandan 15:40-da çıxacaq, Moskvaya yerli vaxtla 17:50-də çatacaq.
Yay mövsümündə Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində Moskvaya Azərbaycanın başqa şəhərlərindən – Qəbələ (aprelin 13-dən) və Gəncədən (iyunun 4-dən) də AZAL-ın reysləri həyata keçiriləcək. Bu regionlardan Moskvaya AZAL əvvəl də uçuşlar həyata keçirirdi, Lənkərandan isə indiyə qədər yalnız Rusiya aviaşirkətlərinin çarter reysləri uçurdu, o da çox nadir hallarda. Lənkəran-Moskva reysinə biletlərin qiyməti Bakı-Moskva reyslərinin biletlərindən daha ucuz olacaq, çünki aeroport rüsumları daha azdır.
Bundan başqa Gəncədən Moskvaya birbaşa reysləri ilk milli loukoster – Buta Airways də həyata keçirir.
Lənkəran əhali sayına görə Azərbaycanın yeddinci şəhəridir (50 min nəfərə yaxın). Ölkənin cənub-şərqində yerləşir.