Azərbaycan hakimiyyəti Əfqan Muxtarlının həbsilə bağlı rəsmi açıqlama yayıb
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğu iyunun 1-də Gürcüstandan oğurlandığı ehtimal olunan azərbaycanlı müxalif jurnalist Əfqan Muxtarlı ilə bağlı birgə rəsmi bəyanat yayıblar.
Bəyanatda deyilir ki, Muxtarlı Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən mayın 29-da 22:40 radələrində Azərbaycanın Balakən rayonu ərazisində “üzərində şəxsiyyətini təsdiqləyən sənədi olmadan Azərbaycan sərhədini Gürcüstan tərəfdən qanunsuz olaraq keçdikdən sonra saxlanılıb. Dövlət Sərhəd Xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq saxlanılma zamanı qaçmağa çalışıb”.
“Axtarış zamanı Muxtarlının üzərindən 10 min avro nağd pul və “Bank of Georgia ekspress” kartı aşkarlanıb”.
Mayın 30-da Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə (sərhədi qanunsuz keçmək və qaçaqmalçılıq) ittiham irəli sürülüb. Bir gün sonra bu maddələrə üçüncüsü – hakimiyyət nümayəndəsinə tabe olmamaq və ya zor tətbiq etmək – əlavə olunub. Eyni gün məhkəmə onun haqqında ilkin istintaq dövründə 3 ay müddətinə həbs qərarı çıxarıb. Ümumilikdə isə Muxtarlını bu üç maddə ilə səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
“Biz ekspertlərin dəvət edilməsi və Əfqanın Gürcüstandan Azərbaycana gətirilərkən aldığı xəsarətlərin təsbit edilməsi üçün onun məhkəmə zalındaca müayinədən keçirilməsi ilə bağlı vəsatət qaldırmışıq. Məhkəmə heç bir əsas göstərmədən vəsatəti rədd etdi”, – jurnalistin vəkili Elçin Sadıqov Turan informasiya agentliyinə bildirib.
“Muxtarlının sözlərinə görə, mayın 29-da onu Tbilisidə Gürcüstanın kriminal polisinin uniformasına bənzər geyimli şəxslər tutub. Onlar özlərini təqdim etmədən jurnalisti zorla maşına oturdublar. Tbilisidən çıxandan sonra maşını bir neçə dəfə dəyişiblər”, – “Kavkazskiy uzel” vəkilə istinadən yazır.
Jurnalist Əfqan Muxtarlı Azərbaycanı 2014-cü ildə tərk edib və Gürcüstanda yaşamaq hüququ alıb. Muxtarlı Azərbaycan hakimiyyəti tərəfindən dəfələrlə təzyiqə məruz qalıb. Onun bir neçə şikayəti Avropa İnsan Haqları Məhkəməsinin kommunikasiya prosesindədir. Son zamanlar o IWPR, Meydan TV kimi beynəlxalq media təşkilatları ilə əməkdaşlıq edirdi.