Azərbaycan Dövlət Neft Şirkəti neft və qaz hasilatını azaldıb
Paylaşmaq
Paylaşmaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nəinki neft və qaz hasilatını azaldıb, həm də 2016-cı ilin proqnozlarını doğrulda bilməyib. Bu haqda hökumətin 2017-ci il martın 17-də Milli Məclisə təqdim edəcəyi illik hesabatda deyilir.
Hesabatda bildirilir ki, 2016-cı il ərzində Azərbaycanda cəmi 41 milyon ton neft hasil edilib ki, onun da 35 milyon tonu ixrac edilib. Hasil edilən neftin 33,5 milyon tonu Beynəlxalq konsorsiumun payına, 7,5 milyon tonu isə SOCAR-ın payına düşür. Hansı ki, ötən illə müqayisədə 685.5 min ton az neft hasil edib.
Həmçinin qaz hasilatı üzrə göstəricilər də azalıb. Ötən il ərzində Azərbaycanda 29,3 milyard ton qaz hasil olunub ki, onun da 23,1 milyard tonu Beynəlxalq konsorsiumun, 6,2 milyard tonu isə SOCAR-ın payına düşür. Eyni zamanda SOCAR-da qaz hasilatı 2015-ci illə müqayisədə 12,7 faiz azalıb, – Modern.az saytı xəbər verir.
Hökumət hasilat göstəricilərinin azalmasını “texnogen səbəblərlə” izah edir və bu səbəbləri “hərtərəfli araşdıraraq, stabil və təhlükəsiz fəaliyyət üçün əlavə tədbirlər görmək” niyyətindədir.
“Texnogen səbəblər” dedikdə hökumət çox güman ki, Xəzər dənizindəki platformalarda baş verən bir neçə ciddi qəzanı nəzərdə tutur. Bu qəzalardan ən böyüyü 2015-ci ilin sonunda “Günəşli” yatağında baş verib.
İqtisadçı-jurnalist Toğrul Vəliyev SOCAR-ın neft və qaz hasilatını azaltmasını şərh edib:
“Azərbaycanda neft hasilatı artıq neçənci ildir ki, mütəmadi olaraq azaldılır. Bu, obyektiv amillərlə yanaşı – ölkədə neft ehtiyatları azalır və hər hansı yeni mədən qazıntısı aparılmır – subyektiv amillərlə də – ildən ilə neftin ortalama qiyməti ucuzlaşır və bu da infrastrukturun yenilənməsi, səmərəliliyin artırılması üçün lazım olan vəsaiti investisiya etməyə imkan vermir – bağlıdır (hərçənd bizimkilər bunu etməyə çalışırlar). Hazırda daha çox prioriteti qaza verirlər, amma orda da infrastruktur köhnəlib, lazımı həcmi hasil etməyə imkan vermir”.