Dövlət Şurasının Müqəddəs Sofiya və ya Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsinə şərait yaradan qərarından sonra qadın məbəd qarşısında sevincini ifadə edir. İstanbul, Türkiyə, 10 iyul 2020-ci il. REUTERS / Murad Sezer
86 ildən sonra İstanbulun əsas rəmzlərindən biri olan, həm müsəlman, həm xristian dünyası üçün müqəddəs hesab edilən Aya Sofya məbədinin muzey statusu ləğv edildi və məscid kimi ibadətə açıldı.
2020-ci il iyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyanın məsciddən muzeyə çevrilməsi haqda Atatürk hökumətinin 14 noyabr 1934-cü il tarixli qərarının ləğv edilməsi haqda Dövlət Şurasının verdiyi qərarı imzalayıb.
Millətə müraciəti zamanı Ərdoğan bildirib ki, Aya Sofya iyulun 24-dən məscid kimi ibadətə açılacaq. İstanbulun digər mühüm tarixi abidəsində – Sultan Əhməd məscidində olduğu kimi Aya Sofyaya da giriş pulsuz olacaq və məbədin qapıları dinindən asılı olmayaraq hər kəsin üzünə açıq olacaq.
Müqəddəs Sofiya məbədi Konstantinopolda 537-ci ildə inşa edilib. Bütün tarixi boyu Aya Sofya dördüncü dəfədir ki, statusunu dəyişir.
Ən başından pravoslav kilsəsi, sonra məscid, daha sonra isə muzey olub.
1453-cü ildə Konstantinopolun fəthindən sonra Fateh Sultan İkinci Mehmet şəhərin əsas pravoslav məbədinin – Müqəddəs Sofiya kilsəsinin məscidə çevrilməsi və Aya Sofya adlandırılması əmrini verib.
1931-ci ilə qədər Aya Sofya məscid kimi fəaliyyət göstərib. 1934-cü ildə Türkiyə hakimiyyəti tarixi abidəni ibadətə bağlayıb və muzey statusu verib. Muzey kimi abidə 1935-ci ildə ziyarətçilərin üzünə açılıb.
Ərdoğan hakimiyyəti dövründə Aya Sofyanın məscidə çevrilməsi məsələsi dəfələrlə gündəmə gəlib.
2005-ci ildə Türkiyənin ali məhkəmə orqanı olan Dövlət Şurası Fondlar, Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Dərnəyinin bu tələblə qaldırdığı iddianı rədd edib.
Uzun müddətdir ki, cəmiyyətdə Aya Sofyanın muzey statusunun ləğv edilmə ehtimalı qızğın müzakirə olunurdu. Sosial şəbəkələrdəki paylaşımlardan belə görünür ki, tarixi abidənin məscidə çevrilməsini dəstəkləyənlər çoxluq olsa da, buna qarşı çıxanlar da az deyildi.
Aya Sofyanın tarixi və onun ətrafında gedən siyasi, dini çaxnaşmalar haqda.