Avropa İttifaqı Gürcüstana 180 milyon avro ayıracaq
Covıd-19 epidemiyası ilə mübarizə və ziyanın minimuma endirilməsi məqsədilə Avropa İttifaqı (Aİ) Gürcüstana 180 milyon avrodan çox vəsait ayıracaq. Gürcüstan beynəlxalq maliyyə institutlarından da dəstək alacaq.
Aprelin 9-a olan məlumata əsasən, Gürcüstanda 214 koronavirusa yoluxma halı qeydə alınıb. 4559 nəfər karantində, 353 nəfər stasionarda nəzarət altında saxlanılır. 50 pasiyent sağalıb, 3 nəfər ölüb.
“Qürurla bildirmək istəyirəm ki, Aİ epidemiya ilə mübarizə üçün Gürcüstana 180 milyon avro ünvanlayacaq və təqdim olunmasını tezləşdirəcək”, – Aİ-nin Gürcüstandakı səfiri Karl Xartsel bildirib.
Səfirin sözlərinə görə, qrant formasında ayrılan vəsait Gürcüstana üzərinə düşən çətinliklərin öhdəsindən ləyaqətlə gəlməyə kömək edəcək. O qeyd edib ki, bu pullar Aİ-nin ötən həftə açıqlanan yardım paketinə əlavədir, beləliklə, ümumilikdə yardım həcmi 250 milyon avro təşkil edəcək.
Beynəlxalq maliyyə institutlarından da yardım gözlənilir. Bu gün gələn məktubda deyilir ki, Gürcüstan pandemiya üzündən xüsusi risk qrupuna daxil olub, çünki iqtisadiyyatı yüksək dərəcədə turizmdən, ticarətdən, həmçinin xaricdən gələn pul köçürmələrindən asılıdır. Məktubda vurğulanıb ki, Gürcüstana yardımın təqdim olunması üzrə iş sürətləndirilib ki, misilsiz böhranın öhdəsindən gəlməsində ölkəyə kömək etmək memken olsun.