Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanı qurumun qərarını yerinə yetirməməkdə günahlandırıb
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hakimiyyətini insan haqları sahəsində beynəlxalq qanunvericiliyi pozmaqda təqsirli elan edib.
• Azərbaycanda “yeddi il müddətinə məhkum edilib” ifadəsi nə məna verir?
• Həbsxanadan azad ediləndən sonra İlqar Məmmədovun ilk müsahibəsi – video
• Freedom House-un versiyasına görə Cənubi Qafqazda azadlıq səviyyəsi
Respublikaçı Alternativ (ReAl) Partiyasının lideri İlqar Məmmədovun işi nəzərdə tutulur. Avropa İnsan haqları Məhkəməsi Məmmədovun işini siyasi motivli elan edib, dərhal azad olunmasını tələb edəndən sonra onu dörd il həbsdə saxlayıblar.
İlqar Məmmədovun işi
Müxalif ReAl Partiyasının (o zaman hələ ictimai hərəkat idi – red.) lideri 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşırdı. Amma həmin vaxt ölkənin şimalındakı ictimai iğtişaşların baş verdiyi İsmayıllı rayonuna getdiyi zaman həbs edilib.
Əvvəlcə Məmmədov həmin iğtişaşların təşkilində və polisə müqavimət göstərməkdə ittiham olunub. Daha sonra isə ilk maddə daha ciddi ittihamla əvəzlənib – yanğın və talanla müşayiət olunan kütləvi iğtişaşların təşkili.
2014-cü ildə onu yeddi il müddətinə azadlıqdan məhrum ediblər. Həmin 2014-cü ildə AİHM İlqar Məmmədovun şikayətinə baxaraq, onun həbsini qanunsuz elan edib və müxalifətçinin üzərindən bütün ittihamların götürülərək azad edilməsi haqda qərar çıxarıb. Amma Azərbaycan hakimiyyəti bunu etməyib.
İlqar Məmmədov beş ilə yaxın həbsxanada qalıb və 2018-ci ilin iyulunda azadlığa çıxıb.
Beləliklə Azərbaycan faktiki olaraq, AİHM-nin qərarına əməl etməyib. Azərbaycana qarşı yeni iş ölkənin Avropa Şurasından xaric edilməsinə qədər ağır sanksiyaların tətbiq olunması ilə nəticələnə bilər. Avropa Məhkəməsinin press-relizində deyilir ki, qurumun bütün tarixi boyunca belə bir qərar ilk dəfədir ki, qəbul edilir.
İlqar Məmmədovun özü Facebook səhifəsində AİHM-nin qərarını belə şərh edib: “Məhkəmənin mənim həbsdən əvvəlki hüquqi statusumun TAM bərpa olunması tələbi o deməkdir ki, mən parlament seçkilərində, həmçinin də prezident seçkilərində namizəd ola biləcəm”.
Niyə məhz indi?
AİHM-nin dövlətə qarşı bu cür ittihamı misilsizdir. Və Azərbaycanda çoxları anlamır ki, niyə Avropa İnsan Haqları Məhkəməsi məhz indi belə qərar verib, baxmayaraq ki, bunun üçün əvvəl də yetərincə səbəb olub.
Bu suala JAMnews-un siyasi şərhçisi Şahin Rzayev cavab verir:
“Bir neçə səbəbdən biri Azərbaycanın xarici siyasət kursunun dəyişməsi ola bilər. Daha doğrusu, Avropaya qarşı məyusluq və Rusiyaya qarşı yüksələn rəğbət. Müvafiq olaraq, Avropanın da reaksiyası daha sərt olub. Əgər əvvəl seçkilərin saxtalaşdırılmasına və insan haqlarının pozulmasına bəyanatla reaksiya verirdilərsə və bu zaman Azərbaycanın hər halda alternativ xammal bazası olduğunu unutmurdularsa, indi artıq hüquqi rıçaqlardan yararlanmağa başlayıblar; bu minvalla sanksiyalara da gedib çıxmaq mümkündür”.