ATƏT-in Minsk Qrupu: Qarabağda vasitəçiliyin şərəfsiz sonu
Aprelin 8-də Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra hamının bildiyi, amma indiyə qədər heç kimin açıq səsləndirmədiyi faktı qeyd etdi – ATƏT-in Minsk Qrupu (MQ) Qarabağ münaqişəsinin nizamlanmasında hazırkı formatda öz vasitəçilik missiyasını davam etdirmək iqtidarında deyil.
Lavrov bunu digər iki həmsədrin – ABŞ və Fransanın Ukraynada müharibədən sonra Rusiya ilə ünsiyyət saxlamaq istəmədikləri ilə izah edib, hətta onları “rusofobiyada” günahlandırıb.
Əlbəttə ki, bu bəhanədir. Əsl səbəb ondadır ki, münaqişə tərəflərindən biri, məhz Azərbaycan bu formatda vasitəçilik xidmətində maraqlı deyil.
Prezident Əliyev 44 günlük müharibə başa çatandan dərhal sonra açıq bildirdi ki, MQ-nin 30 illik vasitəçiliyi heç bir nəticə verməyib və Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa etmək qərarına gəlib.
Üstəlik Bakıda həmsədrlərlə görüşdə o, diplomatik qəbul üçün kifayət qədər sərt şəkildə bildirib ki, “mən sizi bura dəvət etməmişəm”. Təbii ki, münaqişə tərəflərindən biri sənə etibar etmirsə (digər tərəfin nə deməsindən asılı olmayaraq), zorla vasitəçi olmaq mümkün deyil.
İnhisarçı vasitəçinin fiasko səbəblərini aydınlaşdırmaq üçün tarixə ekskursiya etmək və MQ-nin necə və niyə yaradıldığını xatırlamaq lazımdır.
Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında Ermənistan-Azərbaycan münaqişəsi 1980-ci illərin sonlarında başlayıb. 1991-ci ildə iki qonşu sovet respublikası müstəqillik elan etdikdən sonra münaqişə müharibə fazasına keçib.
1992-ci ilin yanvarında hər iki dövlət Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (o zaman ATƏT bu cür adlanırdı) qəbul olunub.
Elə həmin vaxt ATƏM-in Qarabağ münaqişəsinin həllində vasitəçi ola biləcəyi ideyası yaranıb. ATƏM-ə qədər bu missiyanı İran yerinə yetirməyə çalışıb, çünki o zaman keçmiş metropoliyaya – Rusiyaya qarşı tərəflərin heç birinin etimadı yox idi.
Tehranda atəşkəs haqda razılaşma imzalanandan sonra Ermənistan qüvvələrinin Qarabağda əksər əhalisi azərbaycanlılardan ibarət olan Şuşa şəhərini ələ keçirməsi ilə İranın vasitəçiliyi uğursuzluğa uğradı.
Beləliklə, ATƏM nüfuzlu Avropa təşkilatı kimi təşəbbüsü ələ keçirmək qərarına gəldi. 1992-ci ilin martında Romada böyük konfrans çağırıldı və orada Azərbaycan və Ermənistan diplomatları ilə yanaşı tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) nümayəndələri də iştirak etdi.
Məhz Romada 1992-ci il martın 24-də o zaman MDB-nin qeyri-formal paytaxtı hesab olunan Minskdə Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxaalq konfrans çağırmaq qərara alındı. Konfransın hazırlanması üçün 11 dövlətin daxil olduğu Minsk Qrupu yaradıldı. Maraqlıdır ki, hətta bir çox ekspertlər MQ-nin sadəcə Rusiya, Fransa və ABŞ-dan ibarət olmadığını bilmir. MQ-yə Türkiyə, Almaniya, İtaliya və sairə kimi ölkələr də daxildir.
Ən başından Rusiya Avropanın təşəbbüsünə qısqanclıqla yanaşdı, çünki hesab edirdi ki, (yeri gəlmişkən hələ də belə hesab edir) ancaq o, postsovet məkanındakı münaqişə və mübahisələri nizamlamaq haqqına sahibdir. Minsk Qrupuna münasibəti Rusiyanın Qarabağ üzrə vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirovun sözlərindən açıq sezmək mümkündür:
“Çoxları MQ-ni bir növ məfhum kimi qəbul edir. Az adam onun mahiyyəti və legitimlik dərəcəsi haqda məlumatlıdır. Bilmirlər ki, ATƏM-də MQ yaradılması haqda heç bir qərar olmayıb… Söhbət sadəcə bir fövqəladə görüşdən gedib, silsilə raundlar və üstəlik də ATƏM-in yeni köməkçi strukturunun mütəmadi fəaliyyəti haqda yox.
Bax buna görə Minsk Qrupunun heç bir mandatı yoxdur (ATƏM-in istənilən (hətta müvəqqəti) başqa strukturundan fərqli olaraq). Kimlərsə MQ-nin mandatı haqda ümumi şəkildə fikir yürüdür, hətta onun ümumiyyətlə mövcud olmadığını dərk etmədən”.
1992-ci ildə Minskdə konfrans çağırmaq elə də mümkün olmadı. Bunun bir çox səbəbləri vardı. Məncə əsas səbəb 1992-ci ilin yayında Azərbaycan tərəfinin hücuma keçməsi və Qarabağın şimalında böyük ərazini nəzarət altına alması idi. Bu şəraitdə ATƏM MQ həmsədrlər institutunu təsis etmək qərarına gəldi ki, regionda “gediş-gəliş” diplomatiyasını davam etdirsin. Bu qrupun ilk sədri italiyalı diplomat Mario Rafaellinin (Mozambikdə münaqişənin nizamlanmasındakı uğurları ilə məşhur olan) səyləri bir nəticə vermədi.
Eyni zamanda Rusiya 1994-cü ildə ATƏT MQ olmadan təkbaşına tərəfləri danışıqlar masası arxasına otuzdura və atəşkəs haqda üçtərəfli (DQR-in iştirakı ilə) razılaşma imzalatmağa nail ola bildi. Bundan sonra MQ-nin “ulduz saatı” başladı. Yerevan-Stepanakert/Xankəndi- Bakı marşrutu üzrə mütəmadi səfərlər həyta keçirilirdi.
Bəzən xaricdə görüşlər təşkil olunurdu, arada elə gəlirdi ki, tərəflər razılığa çox yaxındır, Amerikanın Ki-Vest adasında olduğu kimi, amma yekunda hər şey ənənəvi sülhə və dialoqa çağırışlarla bitirdi.
Hər iki cəmiyyətdə artıq həmsədrlər lağa qoyulurdu: “Yenə gəliblər, könüllərinə kabab, nərə balığı və konyak düşüb”. Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov az əvvəl verdiyi müsahibədə bu zəifliklə bağlı misal gətirib:
“Maraqlı hadisə baş vermişdi, mən növbəti dəfə həmsədrlərə deyəndə ki, hər şey böhranla bitəcək, onlardan biri belə dedi: “Böhran yaradın ki, ölü nöqtədən tərpənək”. Həmsədrlər dalana dirəndiklərini anlayırdılar”.
MQ himayəsi altında 30 illik fəaliyyət müddətində münaqişə tərəfləri olan dövlətlərin liderləri tərəfindən bircə dənə də birgə sənəd imzalanmayıb.
Rusiya ilə isə əksinə. Tərəflərin imzaladıqları bütün sənədlər Rusiya tərəfinin vasitəçiliyi ilə imzalanıb (1992-ci il Tehran razılaşmasını nəzərə almırıq, onun ömrü bircə gün də olmayıb). Bunlar Bişkek protokolu və atəşkəs haqda Saziş (may 1994), Mayendorf bəyannaməsi (noyabr 2008), atəşkəs haqda üçtərəfli Bəyanat (noyabr 2020), nəqliyyat əlaqələrinin açılması haqda birgə Bəyanatdır (yanvar 2021).
Əlbəttə ki, Rusiya yaxın zamanda münaqişənin nizamlanmasında təşəbbüsü əldən vermək və öz ən əsas rolunu güzəştə getmək niyyətində deyil. Amma Ukraynaya təcavüzündən sonra Rusiyanın beynəlxalq nüfuzunu sürətlə itirdiyini nəzərə alsaq, balans üçün tərəflərə alternativ lazımdır. MQ faktiki artıq mövcud olmadığı üçün Avropa İttifaqı Şurası onun yerini tuta bilər.
Görünən odur ki, həm Ermənistan, həm Azərbaycan Avropa İttifaqı Şurasının sədri, belçikalı diplomat Şarl Mişelin vastəçiliyi ilə keçirilən danışıqların iki raundundan razı qalıb. Hadisələrin bu cür dönüşündən Qarabağ ermənilərinin seçilmiş nümayəndələri qəti narazıdır, çünki MQ onların tribunasının olduğu yeganə yer idi. İndi onların səsi beynəlxalq auditoriyaya ancaq media və ya qeyri-formal kanallar vasitəsilə çata bilər.
Danışıqların davam etdirilməsi üçün başqa formatlar da var. Məsələn, 3+3 formatı, yəni Cənubi Qafqazın üç ölkəsi, plus Rusiya, Türkiyə, İran. Bu format ilk növbədə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri baxımından maraqlıdır.
Amma yenə də mənə elə gəlir ki, ən effektiv format vasitəçisiz ikitərəfli görüşlərdir. Ermənistan-Türkiyə, Azərbaycan-Ermənistan və idealda Qarabağ erməniləri ilə Qarabağ azərbaycanlıları arasında.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.