“Minsk qrupu Qarabağ münaqişəsini nizamlamağa kömək etmədi” – Azərbaycan prezidenti
“[Rusiya] prezidenti Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub… Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”, – Azərbaycan prezidenti İlham Əliyev dekabrın 12-də Minsk qrupu həmsədrlərilə görüşdə deyib.
ATƏT-in Minsk qrupu 1992-ci ildən Qarabağ münaqişəsi üzrə vasitəçilik edən yeganə beynəlxalq strukturdur. Minsk qrupunun həmsədrləri Rusiya , ABŞ və Fransadır. Qrupun tərkibinə Almaniya, İtaliya, Finlandiya, İsveçrə, Türkiyə, Belarus, o cümlədən də Azərbaycan və Ermənistan daxildir.
Azərbaycan prezidenti ilə görüşdə Fransa və ABŞ-dan olan həmsədrlər Stefan Viskonti və Endrü Şofer, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
İlham Əliyen bildirib ki, Qarabağ zonasında Rusiya sülhməramlıları yerləşib və “vəziyyət müəyyən dərəcədə sabitdir”.
Amma eyni zamanda prezident deyib ki, “dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur”.
“Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik”, – Azərbaycan prezidenti bildirib.
Həmin gün, dekabrın 12-də Minsk qrupunun həmsədrləri və digər görüş iştirakçıları Ermənistana səfərə yollanıblar.