Ankvabın qayıtması
Abxaziyada təşəbbüs qrupları və siyasi partiyaların qeydiyyatının qızğın dövrü başlayıb, onlar da sonradan martda keçiriləcək parlament seçkilərində iştirak üçün deputatlığa öz namizədlərini irəli sürə biləcək.
Hazırda Abxaziyanın MSK-sı 104 təşəbbüs qrupu və 2 siyasi partiyanı: “Amtsxara” və “Aynar” partiyalarını qeydiyyatdan keçirib. Bu siyahıya daxil olmaq istəyən qrupların çox az vaxtı qalıb – fevralın 10-na qədər.
Artıq qeydiyyatdan keçən namizədlərin ətraflı siyahısını və dairələrin adını “Apsnıpress” agentliyi dərc edib.
Cəmiyyətin ən çox marağını Suxumdakı 3 saylı seçki dairəsi cəlb edib, burada namizədlər arasında Abxaziyanın ən yeni tarixində səs-küylü fiqur olan Aleksandr Ankvabın da adı hallanır.
Aleksandr Ankvab 2011-ci ilin may ayında prezident seçilib. Öz postundan növbəti seçkilərə bir il qalmış istefa verməli olub. 27 may 2014-cü il tarixində sonradan prezident sarayına hücumla nəticələnən çoxminli mitinqin təzyiqi altında Ankvab Qudautdakı Rusiya hərbi bazasında gizlənməli olub, dörd gün sonra da rəsmi şəkildə istefa verib.
İndiyə qədər siyasətçi Moskvada yaşayıb. İndi də namizədliyinin deputatlığa irəli sürülməsi 2014-cü ildən sonra siyasətə açıq qayıdışıdır.
JAMnews–un icmalçısı və redaktoru İnaş Xaşiqin şərhi.
Əvvəlcə həmişəki kimi söz oldu. Övladları vətən uğrunda ölən bir qrup ana Abxaziyanın keçmiş prezidenti Aleksandr Ankvabdan “ölkəsinin siyasətinə qayıtmağı və qarşıdan gələn parlament seçkilərində iştirak etməyi” xahiş edib.
Sonra da yaradıcı və elmi ziyalıları təmsil edən bir qrup şəxs eyni xahişdə bulunub.
Anaların və ziyalıların arxasınca da bu addımı siyasətçilər atıb. Əsasən müxalif yönlü ictimai və siyasi təşkilatların rəhbərləri Aleksandr Zolotinskoviçe parlamentə namizədliyini irəli sürməklə bağlı analoji xahişlə müraciət ediblər, çünki onların fikrincə, bu təşəbbüs “təkcə cəmiyyətdə parçalanmanın qarşısını almağın deyil, həm də Abxaziya üçün çox vacib olan qanunverici təşəbbüslərin fəal şəkildə irəli sürülməsinin başlanğıcı” olacaq.
Artıq bazar ertəsi, yanvarın 30-da isə yerli subtropiklər üçün adət edilməyən qar yığınları və buz bağlayan yollarla Aleksandr Ankvabın tərəfdarlarının təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasına gəlib, rəsmi olaraq qeydiyyatdan keçərək, onun 3 saylı Suxum dairəsində deputatlığa namizədliyini irəli sürüb.
Yəni o, fəal siyasi həyata qayıdır, rəsmi şəkildə qayıdır. Və bu cür hazırlıqdan sonra da buna heç bir şübhə qalmır.
Düzünə qalsa, Ankvab Abxaziyanın siyasətindən heç getməmişdi də. Hakimiyyətdən imtina edəndən sonra Moskvada olan Ankvab şübhəsiz ki, Abxaziya daxilindəki vəziyyətə təsir etməkdə davam edib. Ankvabın son iki il ərzində yorulmadan prezident Raul Xadjimbanın istefasını tələb edən Müxalifət Qüvvələri Blokunun fəallığına töhfəsi demək olar ki, qiymətsizdir.
Bununla belə, müxalifət qarşısına qoyduğu məqsədinə çata bilmədi: Raul Xadjimbanı öz postunu vaxtından əvvəl tərk etməyə məcbur etmək alınmadı.
Dekabrın 15-də baş verən səs-küylü qalmaqaldan və hakimiyyətlə müxalifət arasındakı konfrontasiyanın növbəti dövründən sonra tərəflər arasında pis-yaxşı sülh bağlandı, aralarında kompromis razılaşma imzalandı.
Abxaziya hakimiyyətinin qurumlarında bir sıra vəzifələrin əvəzində müxalifət, daha doğrusu onun böyük hissəsi öz üzərinə prezidentin vaxtından əvvəl istefasını tələb etməmək öhdəliyini götürüb.
İndi də Aleksandr Zolotinskoviç bu reallığa girməlidir. Buna nə dərəcədə hazır olması isə ritorik sualdır.
Mən Ankvabın fəal siyasətə qayıtmasının parçalanmanın qarşısının alınmasına xidmət edəcəyi illüziyasından uzağam. Abxaziyada vəziyyət o dərəcədə ağırdır ki, qorxuram, Allah da bu işdə kömək edə bilməyəcək.
Amma diqqətdən yayına bilməyən bir müsbət tərəf də var: siyasi prosesdə açıq iştirak kulis arxasında iştirakdan xeyli daha yaxşı və düzgündür.
Bundan başqa da Ankvabın qayıtması daha çox hakimiyyətə çağırış deyil, çünki onun üçün Ankvab istənilən hallarda və statuslarda mənfi elementdir. Bu, müxalifətin özünə çağırışdır. Çünki məhz müxalifət indi öz yolunun seçimi qarşısında dayanır.
Ankvabın təcəssüm etdirdiyi xoşbəxt keçmişin xiffətinin sonu bilinməyən istismarı istənilən halda çıxılmazlıqdır. Nəzarətsiz bolluqla müşayiət olunan şərti kommunizm Abxaziyada hələ Aleksandr Zolotinskoviçin prezidentliyi dövründə rus pulu ilə birlikdə qurtardı. Bu, olmasaydı o hələ də həmin kresloda oturardı.
Revanş, yəni Ankvabın hakimiyyətin lap yuxarı başına qayıtması çətin ki, mümkün olsun. Hətta bütün xalq bunu istəsə belə konstitusion məhdudiyyətlər yerində qalır. Maneə təkcə prezidentliyə namizəd üçün nəzərdə tutulan yaş həddi deyil – xatırladım ki, Aleksandr Zolotinskoviçin altmış dörd yaşı var, həm də qeydiyyat senzi olacaq.
Əlbəttə, keçmiş prezidentin nüfuzu və hörmətindən istifadə edərək, onun adamını hakimiyyətə gətirmək olar. Amma bu, artıq Abxaziya prezidenti olmayacaq, bu sadəcə bu rola məxsus bütün məsuliyyətsizliyi ilə birlikdə Ankvabın adamı olacaq.
Amma müxalifətin başqa yolu da var. Bunu şərti olaraq praqmatik yol adlandıraq. İndiyə qədər Müxalifət Qüvvələri Bloku ilə ona tərəfdar olan təşkilatları birləşdirən yeganə halqa keçmiş – yəni 27 may 2014-cü il tarixli hadisələr idi, bu hadisələrin nəticəsində Ankvabın prezidentliyinə son qoyuldu. Pazı pazla çıxarmaqdan başqa hansısa başqa ideyalar bu ittifaqı təəssüf ki, birləşdirməyib.
İndi isə 15 dekabr tarixli razılaşmaları nəzərə alsaq belə alınır ki, müxalifətin daha çox arxaya boylanmaq deyil, qabağa baxmaq şansı yaranıb. Yəni ideya irəli sürmək, inkişaf proqramlarını yaratmaq, təklif etmək, müzakirə etmək, mübahisə aparmaq. Abxazlara hava-su kimi lazım olan da məhz budur.
Bəli, bu daha çətindir, insanları mitinqə yığıb, var gücüylə “Rədd olsun!” deyə qışqırmaq daha asan gəlir. Amma bu ideya rəqabəti olmadan nə müxalifətin, nə də Abxaziya dövlətçiliyinin özünün gələcəyi yoxdur.
Xalq müharibədə udandan sonra hökmdarların rəqabət qabiliyyətli ideyaların olmaması səbəbindən əldə olunan nailiyyətləri puça çıxarmasının presedentləri kifayət qədərdir. Əlbəttə, hələ bir müddət də öz kumirlərinin portretlərini əlində bayraq tutmaqla baş-başa gəlmək olar. Amma bu, nə dərəcədə səmərəli olacaq? Və bu, artıq ritorik sual deyil.
İstənilən halda əvvəlcə Aleksandr Ankvab marta keçiriləcək parlament seçkilərində udmalıdır
- Abxaziyanın bu günkü müxalifətinin əsas özəyini keçmiş prezident Aleksandr Akvabın komandasından olan keçmiş məmurlar və onun siyasətini dəstəkləyən fəallar təşkil edir.
- Abxaziyada Birləşmiş Müxalifət Blokuna dörd təşkilat: “Amtsxara” partiyası və “Apra”, “Abzanxara”, “Qadınlar siyasətdə” ictimai təşkilatları daxildir. Onların hamısı indiki prezident Raul Xadjimbanın istefasını tələb edir.
- Onu 18 vahiddən ibarət siyasi partiyaların və ictimai təşkilatların Əlaqələndirmə Şurası dəstəkləyir. Onlardan ən iriləri “Xalq həmrəyliyi forumu” və “Vahid Abxaziya” partiyaları, “Aruaa” Abxaziya-Gürcüstan müharibəsi veteranlarının ictimai təşkilatıdır.