Gürcüstanda İran ali liderinin mesajı səsləndirilib
Gürcüstanın paytaxtında yerləşən “Əhli-Beyt” məscidi Facebook səhifəsində İranın ali lideri Müctəba Xameneinin həcc ziyarətinə gedən zəvvarlara ünvanladığı mesajı paylaşıb. Mesajda ABŞ “böyük şeytan” adlandırılır, həmçinin “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarlarının gələcəkdə geniş yayılacağı iddia edilir.
Xamenei müraciətində bildirir ki, Yaxın Şərq regionu artıq ABŞ-ın hərbi bazaları üçün təhlükəsiz məkan olmayacaq. Onun sözlərinə görə, region xalqları və əraziləri artıq Amerika hərbi varlığının dayağı olmayacaq və Birləşmiş Ştatların öz məqsədlərini həyata keçirmək üçün bölgədə təhlükəsiz yeri qalmayacaq.
İran lideri həmçinin bildirir ki, antiamerika və antiisrail mövqeyi yalnız həcc dövründə keçirilən simvolik mərasimlərlə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları zaman keçdikcə islam dünyasında və dünyanın müxtəlif ölkələrində, xüsusilə gənclər arasında ümumi şüarlara çevriləcək.
Xamenei qeyd edir ki, “gələcək islam ümmətinə və yeni islam sivilizasiyasına məxsusdur” və müraciətində İranın keçmiş ali lideri ayətullah Əli Xameneinin 2015-ci ildə verdiyi və İsrailin “25 il ərzində mövcudluğunu itirəcəyi” barədə bəyanatını xatırladır. Onun sözlərinə görə, hazırda İsrail öz mövcudluğunun son mərhələsinə yaxınlaşır.
Müraciətdə “müqavimət cəbhəsi” adlandırılan qüvvələrə də geniş yer ayrılır. Xameneinin sözlərinə görə, bu cəbhəyə İran, Livan, Fələstin, İraq, Suriya, Yəmən, Əfqanıstan, Pakistan, Afrikanın bir hissəsi və “dünyanın bütün azad xalqları” daxildir. Onun fikrincə, məhz bu şəbəkə sayəsində İran özünü “sionist təcavüzkarlardan” qoruya bilib.
Xamenei həmçinin HƏMAS-ın 2023-cü il 7 oktyabr hücumunu adlandırmaq üçün istifadə etdiyi “Əl-Əqsa tufanı” əməliyyatını müsbət kontekstdə qeyd edir.
Tbilisidəki “Əhli-Beyt” məscidi əvvəllər də proiran və antiamerika məzmunlu bəyanat və xütbələrə görə dəfələrlə diqqət mərkəzinə düşüb. Məscid Gürcüstanda qeyri-hökumət təşkilatı formasında fəaliyyət göstərən Ümumdünya Əhli-Beyt Assambleyası ilə əlaqəlidir.
Xameneinin mesajı ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyat keçirməsindən bir neçə ay sonra yayılıb.
2026-cı ilin fevral ayının sonlarında başlayan hava zərbələri silsiləsi nəticəsində, mövcud məlumatlara görə, İranın keçmiş ali lideri Əli Xamenei, həmçinin onlarla hərbi komandir və yüksəkvəzifəli məmur həlak olub. O vaxtdan bəri İran hakimiyyətinin ABŞ və İsrailə qarşı ritorikası xüsusilə sərtləşib.