Amerika hakimiyyəti şəbəkə neytrallığı prinsipini ləğv edib
Paylaşmaq
Paylaşmaq
ABŞ-ın Kommunikasiya üzrə Federal Komissiyası (FCC) 2015-ci ildən tətbiq edilən şəbəkə neytrallığını ləğv edib. Bu haqda CNN xəbər verib.
Prinsipin mahiyyəti ondan ibarət idi ki, provayderlər hansısa trafiki blok etmək və ya ləngitmək haqqına sahib deyildi.
Donald Trampın prezidentlik dövrünün lap əvvəlində bu vəzifəyə təyin etdiyi FFC sədri Acit Pai bəyan edib ki, şəbəkə neytrallığı prinsipi bu sahədə biznesin və normal rəqabətin inkişafına mane olurdu.
Prinsipin ləğvi tərəfdarları onu da qeyd edirlər ki, dövlət heç bir halda internetin işinə müdaxilə etməməlidir.
Bəzi şirkətlər və istehlakçı hüquqlarını müdafiə qrupları isə əksinə, prinsipin ləğvinin əleyhinə çıxış ediblər, çünki hesab edirlər ki, bu, bazarın inhisarlaşmasına və “internetin bizə məlum olan formada ölümünə” gətirib çıxaracaq.
Ekspertlər bildirirlər ki, şəbəkə neytrallığı prinsipinin əsas məqsədi istehlakçılara onlar üçün daha maraqlı olan kontenti müstəqil şəkildə seçmək imkanı verməkdən və iri şirkətlərin öz məhsulunu istehlakçılara sırımağının qarşısını almaqdan ibarət idi.
Bu gün internetdən praktiki olaraq hər kəs istifadə edir, buna görə də onunla bağlı problemlərin hamıya aidiyyəti var, hamı da bu problemi öz ehtiyacları prizmasından dəyərləndirir. Bu səbəbdən də internetin nizamlanması ilə bağlı məsələlərin müzakirəsi həmişə belə qızğın olur.
Hələlik prinsipin ləğvinin internet landşaftına nə dərəcədə təsir edəcəyi aydın deyil. Təbii ki, bu, nəhəng şirkətlərə sərf edir. Dəyişmiş şərtlər altında yeni yaranan şirkətlərin bazarda necə ayaqda qalacağı hələlik bəlli deyil, bunu yalnız zamanla anlamaq mümkün olacaq. Ekspertlər ehtimal edirlər ki, prinsipin ləğvindən sonra bazar şərtləri daha sərt, bazar daxilində mübarizə imkanları isə daha çox olacaq. FCC-nin qərarını yekun hesab etmək lazım deyil. Görünən odur ki, şəbəkə neytrallığı prinsipinin ləğvi məhkəmədə müzakirə olunacaq: “Hər dəfə biz ciddi bir qərar qəbul edəndə, adamlar məhkəməyə müraciət edir”, -hadisələrin bu yöndə inkişafını şərh edən FCC əməkdaşı bildirib.