Almaniyadan deportasiya olunacaq azərbaycanlı qadın intihar edib
Azərbaycan vətəndaşı Humay Məmmədova Almaniyada siyasi sığınacaq ala bilmədiyi üçün intihar edib.
• Azərbaycandan olan tələbələr xaricdə necə yaşayır?
• Azərbaycanlı siyasi mühacirlər siyasi məhbusların müdafiəsi üçün Almaniyada aksiya keçiriblər
• Polşadakı gürcü miqrantlar haqda reportaj
Son 10 gündə bu, üçüncü analoji hadisədir. İntihara cəhd edən digər iki nəfəri xilas etmək mümkün olub. Bu haqda Turan agentliyinə Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib.
Humay Məmmədova Almaniyanın Deqqendorfe şəhərindəki qaçqınlar üçün düşərgədə yaşayırmış. Deportasiya olunacağını öyrənən zaman qadın dərman preparatları qəbul edərək xəstəxanada vəfat edib. Onun 9 yaşlı qızı qalıb.
WorldData.info saytının məlumatına görə, 2018-ci ildə 3719 nəfər Azərbaycan vətəndaşı digər ölkələrdə siyasi sığınacaq almağa çalışıb. Onlardan 1783 nəfəri Almaniyadan sığınacaq istəyib, amma yalnız 134 nəfər buna nail ola bilib.
Ümumilikdə Almaniyada Azərbaycandan olan 1800 nəfər qaçqın yaşayır.
Adətən sığınacaq almaq arzusunu qaçaqlar siyasi baxışları və ya seksual oriyentasiyaları üzündən öz ölkələrində təqiblərə məruz qalmaları ilə əsaslandırırlar.
Təxminən bir il əvvəl oxşar intihar hadisəsi Hollandiyada baş vermişdi – azərbaycanlı Fikrət Mahmudov vətənə qayıtmamaq üçün qaçqınlar düşərgəsində özünə qəsd etmişdi.