Dəhşətli cinayət – 25 yaşlı gənc ailəsinin 5 üzvünü qətlə yetirib
Ailəsinin 5 üzvünü qətlə yetirib
Bakıda silsilə dəhşətli qətllər törədilib. Eyni ailənin 5 üzvü balta ilə öldürülüb. Şübhəlinin eyni ailənin 25 yaşlı üzvü olduğu üzə çıxıb. Dəhşətli cinayət bütün ölkəni sarsıdıb. Faciəli hadisə mediada və sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox müzakirə olunan mövzuya çevrilib.
- Ermənilərin Qarabağa qayıdışı: bu nə dərəcədə realdır? Bakıdan şərhlər
- Həbsdə olan müxalifətçinin səhhəti pisləşib
- İlham Əliyevin qalibiyyət formulu: parçalanmış müxalifət, dağıdılmış media, minnətdar xalq
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 13-də saat 16:30 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində balta ilə qətl törədilməsi barədə polisə məlumat daxil olub. Hadisə General Şıxlinski küçəsi, 29 ünvanındakı mənzildə baş verib. Qətlə yetirilənlər Əhmədov Mehman Əhməd oğlu (1972-ci il təvəllüdlü), Əhmədova Bikə Bədəl qızı (1977-ci il təvəllüdlü) və Əhmədov Məhəmməd Mehman oğlu (2015-ci il təvəllüdlü) olub.
Bildirilir ki, polis ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlunu saxlayıb.
Əhməd Əhmədovun həbsindən sonra daha iki qətl hadisəsi haqda məlum olub. Şübhəli şəxsin valideynlərini və kiçik qardaşını öldürməzdən əvvəl Suraxanı rayonunda yaşayan bacısının evinə getdiyi aşkarlanıb. Bu zaman bacısı evdə azyaşlı qızı ilə birlikdə olub.
İstintaqın məlumatına görə, Əhməd Əhmədov bacısı, 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızı və onun 5 yaşlı qızı Ülviyyəni balta ilə qətlə yetirib. Sonra valideynlərinin evinə yollanıb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (həddindən artıq amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.
Oğlu tərəfindən öldürüldüyü bildirilən qadın Xətai rayonundakı 59 saylı orta məktəbin məktəb direktoru olub.
Mərhumların qonşuları jurnalistlərə danışıblar ki, Əhmədovlar ailəsi nümunəvi ailə olub və onların heç bir problemi olmayıb. Amma onların dediyinə görə, evin böyük oğlu Əhməd Əhmədovun psixi problemləri olub, o, uzun müddət Rusiyada yaşayıb və orada müalicə olunub. Bakıya qayıtdıqdan sonra isə valideynlərindən ayrı yaşayıb.
Qonşuların sözlərinə görə, ailə Əhməd Əhmədova həmişə dəstək olub, atası hətta taksi ilə pul qazanması üçün ona maşın da alıb.
Qonşulardan biri isə Əhməd Əhmədovun hələ 15 yaşında ikən həmyaşıdına bıçaqla xəsarət yetirdiyini, lakin psixi probleminə görə cəza almadığını və məcburi müalicə islə canını qurtardığını bildirib.
Vəkil Pərviz Hacıyev bildirir ki, şəxsin psixoloji xəstəlikdən əziyyət çəkdiyi sübut olunarsa, o, cəzasız qalacaq:
“Əgər şəxs hansısa psixatriya xəstəxanasında qeydiyyatda olubsa, psixi xəstəlikdən əziyyət çəkibsə, həmin şəxsin cinayət əməlləri törədərkən anlaqsız vəziyyətdə olması müvafiq ekspertizanın rəyi nəticəsində məlum olarsa, həmin şəxsə cəza tətbiq olunmayacaq. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunacaq”.
Amma Əhməd Əhmədov psixi cəhətdən sağlamdırsa, onu apellyasiya hüququ olmadan ömürlük həbs gözləyir.