Ailəsinə görə həbs olunub koronavirusa yoluxan Mehdi İbrahimin vəziyyəti pisləşib
İyulun 15-nə keçən gecə orduya dəstək yürüşündə iştirak etdiyi üçün həbs edilən Mehdi İbrahim həbsxanada koronavirusa yoluxduğundan onlayn məhkəməyə qoşula bilməyib.
Qardaşı Turan İbrahim öz “Facebook” hesabında Mehdi İbrahimin saxlanıldığı gündən ona ailəsi ilə əlaqə saxlamağa imkan verilmədiyini yazıb:
“Bu gün onlayn keçirilən məhkəməyə da qatılmayıb. Ailəsi olaraq ondan narahatıq. Təcili xəbər almaq, evlə əlaqə saxlamağını istəyirik! Onun başına gələcək hər hansı şeyə görə hakimiyyət məsuliyyət daşıyır. Onun siyasətlə heç bir əlaqəsi yoxdur. Dərhal azadlığa buraxılmalıdır”.
Mehdi İbrahim kimdir?
Mehdi Ibrahim Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğludur. Futbol məşqçisidir. 4 yaşında bir qızı var. İspaniyada “Real Madrid” komandasında təcrübə keçib, UEFA lisenziyalı məşqçidir.
İyulun 27-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Mehdi İbrahimin ailəsi deyir ki, onun heç bir siyasi fəaliyyəti olmasa da, atası və qardaşının AXCP-nin üzvü olduğuna görə həbs edildiyi ehtimal edilir.
Hazırda atası – Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də həbs edilib. O, inzibati xətalar məcəlləsinin 500.1 polisin qanuni tələbinə tabe olmama maddəsilə təqsirləndirilərək 10 gün müddətində həbs edilib.