Aİ Ermənistanla əməkdaşlıq haqda yeni sazişi noyabrda imzalamağa hazırlaşır
Bu gün Erasmus+Youth informasiya mərkəzinin açılışına həsr olunmuş mətbuat konfransında Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski bəyan edib ki, hazırda Aİ və Ermənistan arasında hərtərəfli və genişlənmiş əməkdaşlıq haqda Sazişin imzalanması üçün heç bir maneə yoxdur.
“Məsuliyyətli şəxslər Aİ-Ermənistan arasında yeni sazişin imzalanmasının noyabrda keçiriləcək Şərq tərəfdaşlığı sammitində baş tutması istiqamətində işləyirlər”, – o deyib.
Bəzi Ermənistan siyasətçiləri və ekspertləri sazişin imzalanacağına şübhə ilə yanaşır. Onlar xatırladırlar ki, 2013-cü ildə Ermənistan Aİ ilə Assosiasiya, Hərtərəfli və Azad Ticarət Zonasının Yaradılması haqda saziş imzalamağa hazırlaşırdı, amma sentyabrın 3-də Ermənistan prezidenti Serj Sarqsyan gözlənilmədən bəyan etdi ki, Ermənistan Aİ ilə assosiasiyadan imtina edir və Gömrük İttifaqına daxil olur. Çoxları hesab edir ki, bu, Rusiyanın təzyiqinin nəticəsi idi.
Pyotr Svitalski bəyan edib ki, bu yaxınlarda Brüsseldən qayıdıb, orada o, sazişin imzalanmaq üçün hazırlanmasına məsul olan şəxslərlə görüşüb. Səfirin sözlərinə görə, bu şəxslər əmin ediblər ki, hər şey plan üzrə gedir.
Daha əvvəl Ermənistan prezidenti Serj Sarqsyan “Baze” gənclər toplantısının iştirakçıları ilə görüşdə düşərgə üzvlərinin suallarına cavab verərkən bildirmişdi ki, Ermənistan payızda hərtərəfli və genişlənmiş əməkdaşlıq haqda sazişi imzalamağa hazırlaşır.
“Bəli, payızda biz bu sənədi imzalayacağıq. Niyə belə əminliklə danışıram? Çünki sənəd artıq paraflanıb. Əgər səhv etmirəmsə, biz martda bəyan etmişdik ki, sənəd artıq ümumilikdə razılaşdırılıb və bundan sonra paraflandı. Bu sazişi imzalamamağımız üçün heç bir əsas yoxdur”, – Serj Sarqsyan qeyd edib.
Litvanın Ermənisandakı səfiri Erikas Petrikas da bu məsələ ilə bağlı fikrini açıqlayıb və qeyd edib ki, sazişi imzalayandan sonra Ermənistan üçün yeni imkanlar açılacaq.
Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması və eyni zamanda Avropa İttifaqı ilə saziş imzalaması arasında ziddiyyət yoxdurmu, sualına səfi belə cavab verib: “Bunda ziddiyyət yoxdur, əksinə, bu, əməkdaşlıq üçün faydalıdır. Biz 500 milyonluq bazar haqda danışanda, bu artıq Ermənistanın hansı imkanlara sahib olacağını göstərir. Ermənistan kimi Avropa İttifaqının da yeni imkanlara sahib olacaq, məsələn, sizinlə yaxşı münasibətləri olan İranla əlaqələr yaranacaq. Odur ki, biz hesab edirik ki, hər iki tərəf bundan qazanacaq”.