Ağacın aşması nəticəsində yaralananlardan biri vəfat edib
Beş yüz yaşlı çinarın aşması nəticəsində yaralananlardan biri vəfat edib. Daha beş nəfər xəstəxanadadır. Bədbəxt hadisə iyulun 14-də Şəki şəhərində baş verib.
• Azərbaycanın Şəki şəhərinin tarixi mərkəzi UNESCO-nun dünya irsi siyahısına daxil edilib
• Azərbaycana xas başörtüyü kəlağayı — bu nədir və necə hazırlanır?
• Ağacda bitən kartof, mandarin və digər meyvələr: Azərbaycanın cənubundan 25 foto
Təfərrüat
Çinar Şəki Xan Sarayının qarşısında – istirahət günlərində turistlərin çox toplaşdığı ərazidə yerləşir. İyulin 14-də bazar günü ağacın ağır budaqlarından bir neçəsi qırılaraq həmin vaxt yaxınlıqda olan insanların üzərinə düşüb.
Ümumilikdə 19 nəfər, o cümlədən də bir neçə ərəb turist yaralanıb. Dörd nəfər ağır vəziyyətdə müalicə üçün Bakıya çatdırılıb. Ağır yaralılardan biri isə Şəki xəstəxanasında saxlanılıb.
32 yaşlı Xatirə Ağamalıyevanın adı xəstəxanaya yerləşdirilənlərin ilkin siyahısında olmayıb. Amma sonradan məlum olub ki, qadın omba sümüyünün sınığı və travmatik şok vəziyyətində Şəki şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. İyunun 15-də isə vəfat edib.
Səbəblər
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin və Dövlət Turizm Agentliyinin nümayəndələri, həmşinin paytaxt həkimləri gəlib.
Prezident İlham Əliyev vəziyyəti öz şəxsi nəzarətinə götürüb.
Ekspertlər və Baş Prokurorluq birgə araşdırma aparıblar ki, budaqların aşma səbəbini müəyyən etsinlər. Əsas versiya budaqların bu günlərdə Şəkidə əsən güclü külək nəticəsində qırılması yönündədir.
Hadisədən bir həftə öncə Şəki Xan Sarayı şəhərin tarixi mərkəzi ilə birlikdə UNESCO-nun dünya irsi siyahısına daxil edilib. Saray qarşısında ucalan xan çinar özü-özlüyündə tarixi dəyərdir – ağac 1530-cu ildə əkilib və Azərbaycanın Qırmızı Kitabına daxil edilib.