Qalmaqallı ukraynalı məhbus Oleq Sentsov Rusiyadakı həbsxanada aclıq aksiyasını dayandırdı
Rusiyada 20 il həbs cəzasına məhkum edilmiş və siyasi məhbus kimi tanınmış ukraynalı rejissor Oleq Sentsov 140 gün davam etdirdiyi aclıq aksiyasını dayandırdı.
2018-ci il oktyabrın 6-da o, öz vəkili vasitəsilə qərarının səbəblərini açıqladığı bəyanatını ötürüb. Bu səbəblər səhhətinin vəziyyəti və hakimiyyətin onu məcburən qidalandırmaq niyyətidir.
“Bu zaman mənim fikrim nəzərə alınmır. Guya mən səhhətimin vəziyyətini və ona qarşı təhlükəni düzgün qiymətləndirmək iqtidarında deyiləm… Belə olan şəraitdə mən aclıq aksiyasını dayandırmağa məcburam.
145 gün mübarizə, 20 kq arıqlama, üstəgəl əldən düşmüş orqanizm, lakin məqsəd əldə edilmədi. Məni dəstəkləyənlərin hamısına minnətdaram və təəssüfləndirdiyim hər kəsdən üzr istəyirəm… Ukraynaya eşq olsun!”, – Oleq Sentsovun bəyanatında deyilir.
Oleq Sentsov kimdir
Oleq Sentsov ukraynalı rejissor, Krım sakinidir. Rusiya tərəfindən 2014-cü ildə yarımadanın ilhaq edilməsindən sonra o, Rusiya vətəndaşlığını qəbul etməkdən imtina etmiş və baş verənlərə tənqidi münasibətini gizlətmirdi.
2015-ci ildə Oleq Sentsov bir terror aktının törədilməsində və digərinin hazırlanmasında ittiham edilərək həbs olunub. Birinci terror aktı kimi “Vahid Rusiya” partiyasının Simferopoldakı ofisinin qapısının yandırılması göstərilir. İkincisi isə Rusiya imperatoru İkinci Nikolayın abidəsinin partladılmasının planlaşdırılmasıdır. Hökm – 20 il həbs cəzası.
Oleq Sentsov Rusiyanın “Memorial” cəmiyyəti və “Amnesty International” tərəfindən siyasi məhbus kimi tanınıb.
Rusiya həbsxanalarında nə qədər ukraynalı siyasi məhkum var?
Nə baş verib
2018-ci ilin aprel ayında Rusiyanın şimalındakı Labıtnangi şəhərində həbsxanada olan Oleq Sentsov aclıq elan etdi. O, Rusiya həbsxanalarında saxlanılan və siyasi məhbus kimi tanınmış bütün Ukrayna vətəndaşlarının azad edilməsini tələb edirdi. Hüquq müdafiə təşkilatlarının məlumatlarına əsasən, onların sayı 70 nəfərdən çoxdur.
Bir çox ölkələrin onlarla mədəniyyət xadimi Oleq Sentsovu dəstəkləyən çıxışlar etdilər. Onun taleyini Rusiya hakimiyyəti ilə Fransa prezidenti, ATƏT sədri, BMT baş katibi müzakirə ediblər.
Oleq Sentsovun aclıq aksiyası səhhətinin kritik vəziyyətə çatdığı, həyatı üçün real təhlükə yarandığı bir vaxtda dayandırıldı.