Abxaziyada hərbi sursat anbarının partlaması nəticəsində iki rusiyalı turist həlak olub
Dünən, avqustun 2-də Abxaziyada, Qudaut rayonunun Primorsk kəndində hərbi sursat anbarının partlaması nəticəsində iki rusiyalı turist həlak olub. Qadınlar atla gəzintidə idilər və təsadüfən partlayış zamanı anbarın lap yaxınlığında olublar. Hər iki qadın Abxaziyaya istirahətə Sankt-Peterburqdan gəlib, biri 1970-ci il təvəllüdlüdür.
63 yaralı Qudaut, Novıy Afon və Suxumdakı xəstəxanalara çatdırılıb, alınan yaraların ciddiliyi barədə hələlik heç bir məlumat yoxdur.
Partlayış yerinin ətrafındakı böyük ərazisi əhatəyə alınıb, hadisə yerində Abxaziya Müdafiə Nazirliyi və FHN əməkdaşları işləyir.
Partlayışın ilkin səbəbi hələlik məlum deyil. Sosial şəbəkələrdə yanğın barədə yazırlar, amma onun nəyin nəticəsində yarandığı aydın deyil. Hərbi sursat anbarı Abxaziya Müdafiə Nazirliyinə məxsusdur və bütün perimetri üzrə mühafizə olunur.
Hadisə şahidləri JAMnews-a aşağıdakıları danışdılar:
“Trasda maşınla gedirdim, anbarların düz yanında idim ki, mərmilərin partladığını eşitdim. Maşınım əməlli-başlı silkələndi. Düşündüm ki, maşınımın təkərlərinin hamısı boşaldı”.
“Bizim evdə, Qudautda partlayışdan divarlar silkələndi. Çox pis bir hiss keçirdik”.
“Partlayış olanda, bunun zəlzələ olduğunu düşündük. Zərbə elə güclüydü ki, tavan silkələnməyə və qapılar çırpılmağa başladı”, – Bzıpta kənd sakini deyir.
Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdir, JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.