Abxaziya Səhiyyə Nazirliyi tibb avadanlıqları ilə bağlı fırıldaqda şübhəli bilinir
Abxaziya müxalifəti respublika büdcəsindən xəstəxanalar üçün yeni avadanlıqların alınması məqsədilə ayrılmış vəsaitləri mənimsəməkdə şübhəli bilinən məmurların məsuliyyətə cəlb olunmasını tələb edir.
Qalmaqal 2016-cı il büdcə vəsaitlərinin səmərəli istifadəsi üzrə Səhiyyə Nazirliyində Abxaziya Nəzarət Palatasının apardığı yoxlamanın yekunu olaraq hazırladığı hesabatdan sonra başlayıb. Yoxlama nazirliyin Abxaziyadakı “Savitar” özəl klinikasından artıq bir neçə il işlənmiş avadanlıq aldığını aşkarlayıb.
Sənədlərdə isə bu heç cürə göstərilməyib – Səhiyyə Nazirliyi bu avadanlığa dair heç bir texniki sənəd təqdim edə bilməyib. Üstəlik işlənmiş avadanlığın qiyməti yenisinin dəyərində göstərilib.
Müqavilə məbləği 40 milyon rubldan [təqribən 600 min dollar] çox təşkil edib. Bu vəsaitin bir hissəsi prezidentin ehtiyat fondundan ayrılıb.
Nəzarət Palatası müqayisəli qiymət analizi də aparıb və belə nəticəyə gəlib ki, hətta əgər nazirlik tam yeni avadanlıq almış olsaydı belə, yenə də təxminən 4 milyon rubl [68 min dollara yaxın] daha az vəsait ödəməli idi.
“Biz susuruq, reaksiya vermirik. Prezident susur. Baş nazir susur. Kimi gözləyirik?” – müxalifət liderlərindən biri, parlament deputatı Aslan Bjaniya sual edir.
Məhz o, Abxaziya parlamentinin iclasında Səhiyyə Nazirliyinin işinin yoxlanılması məsələsini qaldırıb. Bjaniya “məsələyə aydınlıq gətirməyə” çağırıb: ya Nəzarət Palatasının aşkarladığı pozuntulara görə məsul olanlar məsuliyyətə cəlb olunsun, ya da Nəzarət Palatasının özü ləğv edilsin.
Parlament yaxın zamanda bu məsələ ilə bağlı dinləmələr keçirmək niyyətindədir.