ABŞ administrasiyası 43 nəfər Belarus vətəndaşına, o cümlədən də “ölkədə demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan” yüksək vəzifəli şəxslərə qarşı sanksiya tətbiri haqda qərar qəbul edib. Bu haqda ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.
Euroradio-nun məlumatına əsasən, qərarın qəbulu üçün səbəb dinc nümayişçilərə, fəallara və jurnalistlərə qarşı davam edən repressiyalar olub.
“Fevralın 16-da “Vyasna” hüquq müdafiə təşkilatına, Belarus Jurnalistlər və Müstəqil Həmkarlar İttifaqı İşçiləri Assosiasiyasına hücumlar, o cümlədən də fevralın 18-də jurnalistlər Yekaterina Andreyeva və Darya Şultsova haqda hökm xüsusi narahatlıq doğurur”, – Blinken qeyd edib.
Sanksiya siyahısına ədliyyə sahəsindən olan məmurlar, dinc nümayişçiləri saxlayan və onlarla qədarca davranan hüquq-mühafizə orqanlarının rəhbərləri və sıravi əməkdaşları, jurnalistlər və etiraz iştirakçılar haqda hökmlərin çıxarılmasında iştirak edən hakimlər və prokurorlar, o cümlədən də tələbələri təhdid edən ali məktəb əməkdaşları daxildir.
Sənəddə qeyd olunub ki, bu şəxslərin Birləşmiş Ştatlara girişi qadağan olunub.
Dövlət Departamentinin mətbuat xidməti hələlik adları siyahıya düşən şəxslərin kimliyini açıqlamır.
Daha əvvəl ABŞ hökuməti artıq iki dəfə sanksiya siyahısı açıqlayıb. Həmin siyakılara 66 nəfərin – yüksək vəzifəli şəxslər və Belarusda demokratiyanın pozulmasına aidiyyatı olan vətəndaşların adı daxil edilib – Dövlət Departamentindən xatırladılıb.
Hazırda ABŞ Konqresinin baxışına təqdim olunmuş qətnamədə də ABŞ-ın Belarusa qarşı mümkün yeni sanksiyalar haqda bəhs edilir.
Ötən gün repressiyalara və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan Belarus məmurlarına və digər şəxslərə qarşı sanksiya siyahısının genişlənməsi haqda Böyük Britaniya da elan edib.
Onların sırasında hakimlər, güc strukturları əməkdaşları, məmurlar və təbliçatçılar var.
Belarusda hakimiyyətdə olan rejimə qarşı kütləvi aksiyalar 2020-ci il 9 avqust prezident seçkilərindən sonra bir neçə ay ərzində davam edib. Güc strukturları əməkdaşları ilə toqquşmalar nəticəsində bir neçə nümayişçi həlak olub, minlərlə etirazçı həbs olunub, çoxları işgəncəyə və qeyri-insani davranışa məruz qalıb.
Müxalifət liderlərinin bir hissəsi həbs edilib, bir hissəsi isə, o cümlədən də rejim əleyhdarlarının seçilmiş prezident hesab etdikləri Svetlana Tixanovskaya ölkəni tərk etməli olub.