ABŞ səfiri: “Amerika şirkətləri açıq tenderlərin olduğu yerlərə investisiya qoymağa hazırdır”
ABŞ məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması üçün səylərin dəstəklənməsi üzrə tədbirləri davam etdirir. Buraya ərazilərin minalardan təmizlənməsi üzrə addımlar, kənd təsərrüfatının inkişafına dair layihələr və sair daxildir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 22-də keçirilən brifinqdə bildirib. O, işğaldan azad edilmiş ərazilərin bərpası, Rusiya ilə Minsk Qrupu çərçivəsində əməkdaşlığı, İran-Azərbaycan sərhədindəki gərginlik və sairə məsələlər haqda danışıb.
- ABŞ səfiri Azərbaycanda feministləri dəstəklədi
- Azərbaycan və Ermənistan arasında hərbi eskalasiyanın səbəbləri. Şərhlər
- Azərbaycan və İran münasibətlərində gərginlik. Nə baş verir?
“Turan” informasiya agentliyinin məlumatına əsasən, Litzenberger bildirib ki, Amerikanın bir sıra şirkətləri minalardan təmizləmə prosesinin sürətləndirilməsi üçün böyük təcrübəyə və xüsusi texnikaya, həmçinin avadanlığa malikdir. Hazırda onların minalardan təmizləmə prosesinə cəlb edilməsi üçün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə danışıqlar aparılır.
Amerika şirkətlərinin Azərbaycanda iqtisadi layihələrdə iştirakının mümkünlüyündən danışan diplomat qeyd edib ki, ABŞ şirkətləri müasir texnologiya və avadanlıqların bütün növlərinə malikdirlər. Onlar azad edilmiş ərazilərin bərpasında iştirak da daxil olmaqla, müxtəlif sahələrə investisiya qoymağa hazırdırlar. “Onlar müvafiq şəraitin, ilk növbədə açıq tenderlərin olduğu yerlərə investisiya qoymağa hazırdırlar”, – səfir vurğulayıb.
Səfir 1992-ci ildən Amerikanın məcburi köçkünlərin dəstəklənməsi üçün Azərbaycana 125 milyon dollar yardım ayırdığını bildirib və bu yardımın davam etdiriləcəyini qeyd edib.
Litzenberger brifinqdəki çıxışı zamanı ölkəsinin Rusiya və İranla münasibətlərinə də toxunub. O bildirib ki, xoş məram və səmimiyyətə arxalanaraq Rusiya ilə istənilən məsələ üzrə konstruktiv əməkdaşlığa hazırdır, lakin təəssüf ki, bu, baş vermir.
ABŞ Rusiyanın Ukraynaya qarşı hərbi hazırlığından narahatdır ki, bu da ancaq regionda gərginliyi artırır, vəziyyətin sabitləşməsinə xidmət etmir.
“ABŞ və Rusiyanın uğurla əməkdaşlıq etdiyi bir sahə var – bu, ATƏT-in Minsk Qrupudur. Biz iki dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərini təşkil edə bilmişik və bu istiqamətdə səylər davam edir”, – səfir deyib.
İranla Azərbaycan arasındakı gərginliyi şərh edən səfir deyib ki, ABŞ vəziyyəti diqqətlə izləyir və “sərhədboyu vəziyyətdən çox narahatdır”. Lakin “gərginlik səngiyib” və İran Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində bəzi addımlar atıb.
“Biz Azərbaycanın sərhədlərində sabitliyin qorunmasında maraqlıyıq, lakin sərhəddən narkotrafikin kəskin şəkildə artmasını narahatlıqla müşahidə edirik. Şadıq ki, Azərbaycan gömrükçüləri və sərhədçiləri bu il bir il əvvəlkindən iki dəfə çox narkotik maddə götürüblər. Mən çox şadam ki, bu, ABŞ-ın təqdim etdiyi avadanlığın sayəsində edilib”, – səfir vurğulayıb.
Uzunmüddətli proqram çərçivəsində Azərbaycana müvafiq skanerlər, rentgen aparatları və digər avadanlıqlar verilib. Onlar təkcə quru sərhədlərində yox, həm də Xəzərdə dəniz infrastrukturunun, neft platformalarının qorunması üçün tətbiq edilir. Bu avadanlıq Azərbaycana öz sahillərini və dəniz sərhədlərini qorumağa imkan verir – diplomat vurğulayıb.