ABŞ Rusiyanın 60 diplomatını geri göndərib. Avropanın 14 ölkəsi də eyni addımı atır
Paylaşmaq
Paylaşmaq
Skripal və qızının zəhərləndiyi ticarət mərkəzinin qarşısındakı bağ. Solsberi, 19 mart, 2018-ci il. REUTERS/Piter Nikols
«Skripalın işi» ilə bağlı ABŞ Rusiyanın 60 diplomatını ölkədən çıxarmaq qərarı alıb. Bundan başqa Ağ Ev Rusiyanın Sietldakı baş konsulluğunu bağlamağa da hazırlaşır.
Rusiya diplomatlarının geri göndərilməsi qərarını artıq Kanada da qəbul edib. Ukrayna 13 diplomatı ölkədən çıxarır. Eyni qərarı Fransa, Almaniya, Hollandiya, Danimarka, Çexiya, Litva, Estoniya, Polşa və digərləri də daxil olmaqla Aİ-nin 14 ölkəsi də verib.
Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Sergey Skripal və qızı martın 4-də Solsberi şəhərində ticarət mərkəzində zəhərləniblər. Hazırda ikisi də komadadır.Sergey Skripal Rusiyanı 2010-cu ildə tərk edib. Və Britaniya kəşfiyyatı ilə əməkdaşlıq edib.
Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, Skripal böyük ehtimalla Rusiya hakimiyyətinin sifarişi ilə zəhərlənib. Böyük Britaniya Rusiyanın 23 diplomatını ölkədən çıxarıb və digər ölkələri də eyni qərarı verməyə çağırıb.
Rusiya sui-qəsdlə bağlı hər hansı əlaqəsinin olduğunu inkar edir.
Skripalın zəhərlənməsi İkinci Dünya Müharibəsindən sonra Avropa ərazisində kütləvi qırğın silahının tətbiq edildiyi ilk hadisədir.
Skripalları istehsalı hələ Sovet İttifaqında başlanan və Rusiyada davam edən “Noviçok” adlı sinirləri iflic edən maddə ilə zəhərləyiblər.